İcra başçısı İlham Əliyevə şikayət edən prezident təqaüdçüsündən 100 min manat istəyir

OXUNUB: 2104 Seçilmiş Önəmli Özəl SOSİAL

Goranboy İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev rayonun Yeni yol kənd sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələsgər Əlioğlunu (Təhməzov) məhkəməyə verərək, 100 min manat (!) təzminat tələb edib.  Buna səbəb prezident təqaüdçüsünün dövlət başçısı İlham Əliyevə yazdığı şikayət məktubu olub.

Nizaməddin Quliyev ərizəsində prezident İlham Əliyevə və "Qaynarinfo" saytına ünvanlanmış müraciətdə şərəf və ləyaqətinin təhqir olunduğunu, nüfuzdan salındığını, təhqir edildiyini və böhtan atıldığını iddia edib. İcra başçısı prezident təqaüdçüsünün təkzib verməsini və 100 min manat təzminat ödəməsini tələb edib. 

Yekunda məhkəmə Nizaməddin Quliyevin iddiasını qismən təmin edərək Ələsgər Əlioğlunu 5 min manat cərimə edib. Həmçinin cavabdeh tərəfin başçı haqqında açıqlamalarını kütləvi informasiya vasitələri vasitəsi ilə təkzib etməsinə qərar veirilib.

Tanınmış ziyalı məhkəmənin bu absurd qərarından apelyasiya şikayəti verməyə hazırlaşır.

Qeyd edək ki, Ələsgər Əlioğlu prezidentə oğlu Əli Təhməzovun qanunsuz olaraq işdən çıxarılmasına görə şikayət məktubu yazmışdı. Belə ki, Əli Təhməzov 13 ilə yaxın Goranboy İcra Hakimiyyətində çalışıb, bu illər ərzində fəaliyyəti dəfələrlə fəxri fərmanlarla qiymətləndirilib. Lakin 2015-ci ildən sonra Nizaməddin Quliyevin qəzəbinə tuş gəlib, ona qarşı təxribat və böhtan kampaniyası aparılıb. Daha sonra onun Xanqərvənd kənd icra nümayəndəsindən 55 min manat qəzet pulu alaraq hesaba keçirmədiyi deyilərək ya "istefa ərizəsi yaz, ya da hüquq-mühafizə orqanlarına müraciət olunacaq" deyilib. Bir müddət sonra isə işdən çıxarılmışdı. Daha sonra məhkəmədə Əli Təhməzovun günahsızlığı sübuta yetirilsə də, icra başçısı öz "prinsiplərindən" əl çəkməyərək, onu yerinə nəinki bərpa etmədi, əksinə, indi də təzyiqlərini davam etdirir.

"İki ildən artıqdır ki, həyat yoldaşım dava-dərmanla yaşayır. Ürəyindən və qalxanvari vəzindən müalicə olunur. Başçı oğluma qarşı bu təxribatlara və böhtanlara başlayan gündən onun səhhəti daha da pisləşib. Xahiş edirəm ki, oğlumun təhlükəsizliyinə köməklik göstərəsiniz. Nizaməddin Quliyevin təhqirlərindən, təhdidlərindən, böhtanlarından bezmişik. Biz artıq Nizaməddin Quliyevin qeyri-normal hərəkətləri sayəsində dinc yaşaya bilmirik. Heç nəyə məhəl qoymayan icra başçısı bizdən nə istəyir!?", deyə müraciətdə qeyd olunurdu.

(Ələsgər Əlioğlunun məhkəməyə verilməsinə səbəb olan MÜRACİƏT)

Onu da qeyd edək ki, bir neçə xəstəlikdən əziyyət çəkən Ələsgər Əlioğlunun həyat yoldaşı, müəllimə Aslanova İradə Məhiş qızı da bir neçə dəfə birinci xanım Mehriban Əliyevaya müraciət etmiş, ailəsinin Nizaməddin Quliyev tərəfindən təhdid olunduğunu bildirmişdi. Ağır ürək və qalxanvari vəz xəstəliklərindən əziyyət çəkdiyini deyən İradə xanım başçının onun oğluna qarşı apardığı şər və böhtan kampaniyasından sonra səhhətinin daha da pisləşdiyini bildirmişid: "Oğluma qarşı başlanan təxribatlardan və böhtanlardan sonra səhhətim daha da pisləşmişdir. Bildirmək istəyirəm ki, mən bu ərəfələrdə həyatımı itirərəmsə, bunun səbəbkarı başçı Nizaməddin Quliyev, onun təxribatları və böhtanları olacaq".

Bu müraciətdən bir müddət sonra - bu ilin yanvar ayının 3-də İradə Aslanova ürək tutmasından vəfat edib. Yaxınları İradə xanımın vəfatına görə icra başçısını günahlandırır. Öz müraciətində qeyd etdiyi kimi, oğluna qarşı aparılan şər və böhtan kampaniyası onun ölümünə səbəb olub./qaynarinfo


İcmal.Az

RƏYLƏR