İcra başçısı: “İşlədiyim müddət ərzində özümə dost tapdım”

OXUNUB: 800 SOSİAL

Bu gün Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin 80 illik yubileyi qeyd edilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovun təşəbbüsü ilə keçirilən yubiley mərasiminə universitetin professor-müəllim, tələbə heyyəti, mətbuat və ictimaiyyət nümayəndələri qatılıb.

Yubilyarı təbrik etmək üçün İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov çıxış edərək bildirib ki, Mingəçevirdə bu vəzifədə çalışdığı müddət ərzində özünə Akif Hacıyev kimi gözəl dost qazanıb: "Bir insan dostu üçün ən yaxşı şeylər arzulayar. Bu universitetin yarandığı gündən bu günə qədər ona rəhbərlik edən Akif müəllim haqqında çox danışmaq olar. Bütün həyatını təhsilə xərcləyən bu insan həm də Mingəçevirdə bir memar kimi də tanınır. Məhz onun təşəbbüsü ilə universitet bugünkü səviyyəyə gəlib çatıb. Mən çox şadam ki, Mingəçevirin belə bir ziyalısı var və mən onu tanıdım. Ümumiyyətlə, mingəçevirliləri çox sevdim, həm ziyalısı, həm də adi bir insanının bu şəhərlə bağlı çox böyük xidmətləri var. Mən eşidəndə ki, universitetin müəllimləri də bu təhsil ocağının və Akif müəllimin yetirmələri olub, çox sevindim. Akif müəllim uzun illər çalışdığı müddət ərzində çoxsaylı kadr yetişdirməyə müvəffəq olub. Məncə, bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha Akif müəllimə sağalm ömür, cansağlığı arzulayıram”.

Daha sonra təhsil işçiləri adından Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, "Mingəçevir İşıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, Böyük Vətən Müharibəsi Veteranları Şurasının Mingəçevir Şəhər Şöbəsinin sədri Ələm Məmmədov çıxış edərək, yubilyara ən xoş arzularını çatdırdılar.

Təbriklər üçün minnətdarlığını bildirən yubilyar öz çıxışında dedi ki, məni hələ bu qədər təbrik edən olmamışdı: "Bu təşəbbüs icra başçısından gəldi. Çox sağ olsun. Mən deyərdim ki, bizim universitetin bugünkü nailiyyətlərində Niyazi Bayramovun əməyi danılmazdır.Yəni çox icra başçıları görmüşük. Təhsilin inkişafında şəhər rəhbərliyindən çox şey asılıdır. Mən də çalışmışam ki, Azərbaycanımız üçün layiqli tələbələr yetişdirəm. Bunun üçün yenə də çalışıram. Əgər insan 80 yaşında da müdrikləşməsə, kimə, nəyə xidmət etdiyini anlamasa, ona çox təəssüf edirəm. Təbriklər üçün hər kəsə minnətdaram”.

Sonda yubilyara İcra Hakimiyyəti tərəfindən fəxri fərman və öz portreti hədiyyə olunub.

 

İcmal.Az

RƏYLƏR