İcra hakimiyyəti: "Zibil qablarını tərpətmək qəti mümkün deyil" - NARAZILIQ

OXUNUB: 138 SOSİAL

Paytaxtın Xətai rayonunun NZS qəsəbəsi, Mingəçevir küçəsində yaşayan Zülfüqar Əhmədov Ölkə.Az-a müraciət ünvanlayıb.

Mingəçevir küçəsi 20/40 ünvanında yaşayan vətəndaş fərdi yaşayış mənzilinin qarşısında zibil konteynerlərinin yerləşdirilməsindən narazıdır.

Z.Əhmədov Ölkə.Az-a açıqlamsında ərazidə antisanitar vəziyyət mövcud olduğunu söyləyib:

"Biz təxminən 3 ildən çoxdur ki, bu evi almışıq. Düzdür, biz evi alanda da ərazidə zibil qutuları var idi. İndi üfunət qoxusundan pəncərəni açmaq mümkün deyil”.

Xətai Rayon İcra Hakimiyyətinin mətbuat katibi Pənah İmanov Ölkə.Az-a açıqlamasında bildirib ki, zibil qutuları onillərdir eyni ərazidə qoyulub:

"Həmin ailə mənzili sonradan alıb.  Zibil qutuları neçə illərdir eyni ərazidədir. Mütəmadi olaraq təmizlənir, yığışdırılır. Sadəcə bir müddət əvvəl texnikada nasazlıq olduğu üçün ərazilərin təmizlənməsi yubanmışdı. Qonşular da diqqət yetirməlidir ki, zibil ətrafa tökülməsin”.

 Ev sahibi bildirib ki, saytlara müraciət etdiyi üçün ərazidə təmizlik işləri aparılıb:

"İndi əl-ayağa düşüblər. Mənzil İstismar Sahəsinin müdiri və digərləri gəlir, bi-iki saatdan bir ərazi təmizlənir, şəklini çəkib gedirlər ki, gözdən pərdə assınlar”.

P.İmanov zibil konteynerlərinin yerlərinin dəyişdirilməsinin o qədər də asan olmadığını söyləyib:

"Hər hansı bir yerdə qısa müddətdə göydələn yeri tapıb inşa etmək olar, amma zibil qutusunun sxemləri elədir ki, onu bir yerdən başqa yerə tərpətmək qəti mümkün deyil. Bu, problemli məsələdir.

Vətəndaş Bakı şəhəri Mənzil Təsərrüfat Departamentinə, Xətai Rayon Mənzil Təsərrüfat Birliyinə və rayon icra hakimiyyətinə şəkildə müraciət edə bilər. Çünki zibili daşıyan şirkət və s. hamısı bu qurumların tabeliyindədir. Əgər dəyişdirmək mümkün olsaydı, vətəndaşın müraciətini yerindəcə həll edərdik. Vətəndaş rəsmi qaydada bizə müraciət etsin, məsələyə baxılacaq”.

Z.Əhmədov isə rəsmi qaydada dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də, heç bir nəticəsinin olmayıb:

"Bizdən 200 metr aşağıda boş yer var. Zibil qutularını ora qoymaq niyə mümkün deyil. Səbəb budur ki, mənzil kommunal departamentinin rəisinin bacısı burada yaşayır deyə, zibil qutularının yerini dəyişməyə qoymurlar. Əgər zibil qutusunun yerini dəyişmək mümkün deyilsə, onda nə üçün vaxtilə ərazidə ev tikilməsinə icazə verirdilər?” – ev sahibi iddia edir.

P.İmanov həmçinin qeyd edib ki, ev sahibinin göndərdiyi fotolar yaxın müddətdə çəkilməyib. O, ərazidə uzun müddətdir 4 zibil konteyneri olduğunu əsas gətirərək faktın yaxın tarixə aid olmadığını bildirib.

RƏYLƏR