İcraçı direktor: “Sahibkarlara ideyalarını reallaşdırmaq üçün qrant şəklində maliyyə dəstəyi ayrılır”

OXUNUB: 350 İQTİSADİYYAT SOSİAL
"Azərbaycan Respublikası Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Gənc Sahibkarlığın II Forumunun builki özəlliyi ondan ibarətdir ki, artıq tərəfdaşların sayı artmaqdadır”.

Bunu Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Gənc Sahibkarların II Forumunda deyib.

O bildirib ki, forum çərçivəsində müzakirə olunan mövzular da genişlənib:

"Forum gənc sahibkarlarla ünsiyyət platforması kimi çıxış edir. Gənclər Fondu olaraq sahibkarlıq sahəsində bu il 20-dən çox layihəni təsdiqləmişik. Gənclər Fondunun nəzdində fəaliyyət göstərən və ölkənin artıq 54 şəhər və rayonun açılmış Gənclərin İnkişaf və Karyera Mərkəzlərində gənclərə sahibkarlıqla bağlı təlimlər keçirilir və təbliğat işləri görülür.

Gənclər arasında sahibkarlığa marağın yüksək olduğunu nəzərə alaraq, qlobal platformalardan olan ENACTUS-un ölkədə genişlənməsi də fond və KOBİA-nın diqqət mərkəzindədir. Bu iki qurumun dəstəyi ilə artıq 5 mindən çox tələbə bu hərəkatın üzvüdür”.

Onun sözlərinə görə, ümumilikdə gənc sahibkarlar arasında startaplara maraq yüksəkdir:

"Xüsusilə region gənclərində müxtəlif sahələrə meyillilik görürük. Biz regionlarda gənc sahibkarları aqrar sahələrdə də bilik və bacarıqlarını təkmilləşdirməyə çağırırıq”.

Fərid Cəfərov qeyd edib ki, KOB tərəfindən sahibkarlara öz innovativ ideyalarını reallaşdırmaq üçün qrant şəklində maliyyə dəstəyi ayrılır:

"2020-ci ildən başlayaraq, bu layihə bir qədər də genişlənib. Layihəni Dövlət Məşğulluq Xidməti və KOBİA ilə birgə həyata keçiririk və artıq adı da Biznesini Yarat Marafonu adlanır. Marafon çərçivəsində sahibkarlara qrant şəklində vəsait ayrılır”.

RƏYLƏR