İctimai Şura üzvləri şəhid ailələrini ziyarət etdi - FOTO

OXUNUB: 385 SOSİAL

8 Noyabr- Zəfər Günü ərəfəsində Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, sədr müavini Mahirə Əmirhüseynova, İŞ-nın üzvləri Sevdə Məmmədova və Gülayə Səfərova bu zəfərin qazanılması uğrunda canlarından keçən Daxili Qoşunların hərbi qulluqçularının ailələrini ziyarət ediblər.

Görüşlərdə Vətən Müharibəsində qəhrəmanlıq göstərən Hilal İmanzadə, Tural Abdullayev və Tofiq Həsənovun ailə üzvləri şəhid övladlarının döyüş yolundan, ölkəmizin təhlükəsizliyi üçün xidmətlərindən danışıblar. Şura üzvləri şəhidlərimizin qəhrəmanlığının heç zaman unudulmayacağını və hər birimizin qəlbində əbədi yaşayacağını vurğulayıblar. Ziyarət zamanı şahid valideynlərinin evlərində şəhidlərimizə aid yaratdıqları kiçik muzeylər də ziyarət edilib və onlara aid geyim, əşya və təltiflərlə tanış olunub.

Beyləqan rayonunda anadan olan şəhid Hilal İmanzadənin anası Rəfiqə xanım bildirib ki, oğlu uşaqlıqdan hərbçi olmağı arzulayıb. Hilalın atası Sabir İmanov isə oğlunun döyüşdə göstərdiyi şücaətindən danışıb. Bildirilib ki, tarix yazan kəşfiyyatçımız Cəbrayıl uğrunda gedən qanlı doyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Xocalı faciəsi günündə Laçının Ərikli kəndində dünyaya göz açan Tural Abdullayevin ailəsində də şəhidimizlə bağlı xatirələr bölüşülüb.

Tural Abdullayevin atası bildirib ki, doğum günü Xocalı faciəsi gününə düşdüyündən Tural heç zaman özünə ad günü keçirməyib:

"Turalın əmisi Fazil Abdullayev də I Qarabağ müharibəsi zamanı şəhid olub. Tural da Vətən müharibəsi zamanı Murovdağda 7 saat vuruşaraq, silahdaşları ilə bərabər ermənilərin 6 döyüş mövqeyini və 400 nəfərədək canlı qüvvəsini tərksilah edərək, verilən tapşırığı uğurla yerinə yetirib. Həmin döyüş tapşırığını yerinə yetirib geri dönərkən şəhid olub. Tural ölümündən sonra bir neçə, habelə Qarabağ medalı ilə təltif edilib”.

Daha sonra İctimai Şura üzvləri Gədəbəy rayonunda anadan olan şəhid Tofiq Həsənovun ailəsini ziyarət edib. Görüş zamanı Tofiq Həsənovun keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danşılıb. O, Cəbrayıl istiqamətində hücuma keçərkən ürəyindən yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra bir neçə medalla təltif olunub.

İctimai Şura üzvləri şəhid ailələrini ziyarət zamanı onların arzu və təkliflərini dinləyib və müvafiq dairələrə çatdırmaq üçün qeydlər götürüblər./Cebhe.info



RƏYLƏR