IDEA gəncləri beynəlxalq müsabiqədə iştiraka çağırır

OXUNUB: 350 index-manşet MARAQLI

IDEA İctimai Birliyi 18-30 yaşlı təbiətsevər və istedadlı gəncləri BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən həyata keçirilən beynəlxalq müsabiqədə iştirak etməyə çağırır.

IDEA-dan İcmal.Az-a verilən məlumata görə, müsabiqə ekoloji sahədə bilik və bacarığı olan gənclər üçün nəzərdə tutulub.

Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar daha sağlam Planet naminə texnoloji ixtiralar, innovativ və uğurlu biznes-modellər nümayiş etdirməlidirlər. Müsabiqənin nəticəsi olaraq hər il altı nəfər qalib seçilərək "Yer kürəsinin gənc çempionu” adlandırılacaq.

Seçilən qaliblər ilkin maliyyələşdirilmə üçün 15000 ABŞ dolları həcmində maliyyə vəsaiti əldə edəcək, 2017-ci ilin dekabrında Keniyanın paytaxtı Nayrobidə keçirilən BMT-nin Ətraf Mühit Assambleyasında, 2018-ci ilin sentyabr ayında isə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək (bütün xərclər ödənilməklə), "Yer kürəsinin gənc çempionları" üçün təşkil ediləcək qala gecəsində şam yeməyinə dəvət alaraq ekologiya nazirləri ilə tanışlıq görüşündə olmaq şansı qazanacaqlar.

Həmçinin qaliblər internet və beynəlxalq KİV vasitəsilə açıqlanacaq və nümayiş olunacaq, yüksək ixtisaslı mütəxəssis və təlimçilərlə iş, o cümlədən rabitə, layihə planlaşdırılması, maliyyə idarəetməsi və s. sahələrdə fərdi təlimlərdə iştirak imkanı əldə edəcəklər. "Gənc çempionlar” 2018-ci ilin birinci rübündə Avropada təşkil ediləcək bir həftəlik intensiv sahibkarlıq kursundan da faydalana biləcəklər (ödənişsiz).

"Yer kürəsinin gənc çempionları” müsabiqəsi yalnız mükafat vermək üçün deyil, parlaq gələcəyi olan gənc ekoloqların hədəflərinə doğru daha qətiyyətlə addımlamalarına dəstək olmaq və ekologiya sahəsində yeni liderlər yetişdirmək məqsədilə keçirilir.

Çempionlar, həmçinin BMT ekspertləri, ekoloji sahədə mühüm xidmətləri olmuş şəxsiyyətlərlə görüşmək və ətraf mühit sahəsində yeni startaplarla tanış olmaq fürsəti əldə edəcəklər. Bununla yanaşı, onlar yüksək ixtisaslı "mentor”lardan ibarət ekspert qrupları tərəfindən dəstək alacaqlar.

Qeyd edək ki, 1972-ci ildə BMT Baş Assambleyasının qətnaməsi əsasında yaradılmış UNEP-in məqsədi ətraf mühiti və təbiəti qorumaq, bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. 2014-cü ilin may ayında IDEA İctimai Birliyi UNEP-də akkreditə olunmuş və bu təşkilatda müşahidəçi statusu almışdır. UNEP-də akkreditasiyanın alınması ilə IDEA UNEP-in idarə orqanları, o cümlədən BMT Ətraf Mühit Assambleyası və onun yardımçı qurumlarının işində iştirak etmək imkanı əldə etmişdir.

IDEA bütün yüksək potensiallı gəncləri ən qısa zamanda qeydiyyatdan keçməyə çağırır.

Müraciət müddəti 18 iyun 2017-ci ilə qədərdir. Ərizə forması və ətraflı məlumat üçün: www.unep.org/youngchampions.

İcmal.Az

RƏYLƏR