İdmançılarımız dopinqə “yox” deyir

OXUNUB: 871 İDMAN

Bu gün Cavan İdman Arenasında Ədalətli İdman Gününə (Play True Day) həsr olunmuş tədbir keçirilib.

İcmal.Az xəbər verir ki, Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə baş tutan tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AMADA-nın rəhbəri Şəfəq Hüseynli, AFFA-nın baş katibi Elxan Məmmədov, olimpiya mükafatçıları, federasiya və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə təbdbir iştirakçılarına məlumat xarakterli videoçarx nümayiş olunub. Ədalətli Oyunlar Gününün 2013-ci ildə təsis edildiyi, Azərbaycanda ilk dəfə keçirildiyi qeyd olunub.

Ş.Hüseynli çıxışı zamanı bildirib ki, AMADA yarandığı gündən digər milli idman federasiyalarından dəstək görüb. O, dopinqlə birgə mübarizənin vacibliyini vurğulayıb.

X.İsayev isə dopinqdən istifadənin qəbulolunmaz olduğunu vurğulayıb: 

"Biz idmançı olan vaxtlarda ədalətsizliklərlə üzləşmişik və bunun nə demək olduğunu bilirik. Bu gün dopinqlə hansısa nəticə qazanmaq olar. Amma həmin idmançı öz gələcəyinə zərər vermiş olacaq. 

Sevindirici haldır ki, Azərbaycanda AMADA kimi qurum fəaliyyət göstərir”.

Daha sonra müxtəlif idman növləri üzrə ədalət prinsiplərinin pozulduğu səhnəciklər nümayiş olunub. 

Olimpiya çempionları Fərid Mansurov və Namiq Abdullayev, eləcə də, Elxan Məmmədov  idmançılara ədaləti oyun və ədalətli nəticə lazım olduğunu vurğulayıblar.

Tədbirin sonunda "Dopinqə yox deyirik” şüarları səsləndirilib və xatirə şəkilləri çəkdirilib.

 

İcmal.Az

RƏYLƏR