İki sərhəd pozucusu saxlanıldı, külli miqdarda narkotik götürüldü

OXUNUB: 770 HADİSƏ

2018-ci ilin avqust ayında DSX əməkdaşları tərəfindən sərhədboyu zona ərazisində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, həmçinin bir nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

İcmal.Az xəbər verir ki, bununla bağlı DSX-nin mətbuat xidməti məlumat yayıb.

Birinci hadisə avqustun 3-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş verib. Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad rayonu Suluçeşmə kəndinin yaxınlığında "Pusqu” sərhəd naryadının xidməti təşkil olunub.

Saat 01:30 radələrində "VAZ-2172” markalı "99-GL-017” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin həmin əraziyə yaxınlaşması, avtomobildən düşən bir nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub.

Həmin şəxs sərhəd naryadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kq tiryək aşkar olunub. Saxlanılmış şəxsin Azərbaycan Respublikasının vətəndaşı Cəlilabad rayonunun sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Xəyal Əli oğlunun olması müəyyən edilib.

İkinci hadisə avqustun 8-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən qeydə alınıb.

İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq mühəndis-texniki çəpərə doğru hərəkət edən bir nəfər şəxs saxlanılıb. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəl­lüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirib, üzərində bir ədəd mobil telefon, 2800000 İİR rialı, bir ədəd kəsici bıçaq, bir ədəd qızıl üzük və bir ədəd bankomat kartı aşkar olunub.   

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

İcmal.Az

RƏYLƏR