İlham Əliyev: Bu, dünya miqyasında rekord göstəricidir

OXUNUB: 264 index-manşet SİYASƏT

Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından Naxçıvan şəhərini daha da gözəlləşdirir. Bu binanın tikilməsi onu göstərir ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir.

İcmal.Az-ın xəbərinə görə, bunu prezident İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında deyib. 

Onun sözlərinə görə, son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülüb.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır, son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıb:

"Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm.

Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Yol boyunca vaxtilə əkilmiş ağaclar indi böyüyüb, çox gözəl mənzərə yaradır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir.

Bir sözlə, Naxçıvanın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının istəyinə bağlı olan məsələdir. Çünki Naxçıvan bizim tarixi diyarımızdır, qədim Azərbaycan torpağıdır, tarixi yerdir. Burada yerləşən tarixi abidələr Azərbaycan xalqının istedadını göstərir.

Onu göstərir ki, Azərbaycan xalqı əsrlər boyu bu diyarda yaşayıb-yaradıb. Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülüb.

1990-cı illərin əvvəllərində - Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilib. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər.

Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturdublar. O illərdə Naxçıvan üçün və ümumiyyətlə Azərbaycan üçün həlledici məsələlər öz həllini tapmışdır. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan o ağır illərdən şərəflə çıxa bilib.

Ölkəmizin müstəqilliyi işində Naxçıvanın çox böyük rolu olub. Məhz o illərdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi bayraq kimi təsdiq etdi və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin. Ancaq o vaxt Azərbaycan rəhbərliyi buna imkan vermədi.

O vaxt Naxçıvan "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adlanırdı və Ulu Öndərin təklifi ilə bu addan sovet, sosialist sözləri çıxarıldı. Bu, sovet dövründə baş verib. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Bütün bu işlər böyük cəsarət tələb edirdi.

Bütün bu işlər onu göstərirdi ki, Ulu Öndər həmişə müstəqillik arzuları ilə yaşayırdı. Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində Ulu Öndərin və naxçıvanlıların çox böyük rolu var. Ondan sonrakı dövrdə də Ulu Öndər Azərbaycan prezidenti kimi həmişə Naxçıvana diqqət, qayğı göstərirdi. Naxçıvana tez-tez səfərlər edirdi.

Bu yaxınlarda Ulu Öndərin 95 illiyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərkən, o cümlədən onun Naxçıvan dövrü haqqında söz açmışdım. Bildirmişdim ki, Heydər Əliyev siyasəti bu gün də Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaq.

Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. İndi də demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir.

Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin…”

İcmal.Az

RƏYLƏR