İlham Əliyev güclü liderlik nümayiş etdirir

OXUNUB: 679 SİYASƏT

Koronavirus pandemiyası bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Virus ölkəmizdən də yan ötməyib, lakin həyata keçirilən səmərəli tədbirlər nəticəsində Azərbaycan koronavirusla mübarizədə ən uğurlu nəticələr əldə edən dövlətlərdən birinə çevrilib. Respublikamızda virusun yayılmasının qarşısının alınması yönündə görülən işlər haqlı olaraq beynəlxalq miqyasda təqdir olunur.

Ən əsası isə odur ki, koronavirus infeksiyası ölkəmizdə qeydə alınan gündən ictimaiyyət Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın problemə çevik və həssas münasibətini gördü. Dövlət başçısı virusla mübarizə tədbirlərinin həyata keçirilməsində əsl liderlik nümunəsi ortaya qoydu, atdığı addımlarla, verdiyi bütün qərarlarla, ilk növbədə, vətəndaşların sağlamlığının prioritet olduğunu göstərdi.

Bu tədbirlər bir daha təsdiqlədi ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır və onun sağlamlığı hər şeydən öndə gəlir. Bir neçə gün əvvəl modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyev bu barədə deyib: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir”.

Respublikamızda koronavirusla mübarizə istiqamətində atılan bütün addımlar ictimaiyyət tərəfindən təqdir olunaraq böyük razılıqla qarşılanır. Ölkənin hər yerindən vətəndaşlar Prezident İlham Əliyevə məktub ünvanlayaraq həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, dövlət başçısına dərin təşəkkürlərini ifadə edirlər.

Beynəlxalq ictimaiyyət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə atılmış məqsədyönlü, səmərəli və cəsarətli addımlara yüksək qiymət verib. Ona görə də bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açılanda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Çünki fevralın sonlarında respublikamızda virusa ilk yoluxma halı qeydə alınandan operativ şəkildə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Virusun qonşu ölkələrdən gəlməsi nəzərə alınaraq yük avtomobillərinin hərəkəti istisna olmaqla, bütün sərhədlərimiz vaxtında bağlanıldı və yalnız Azərbaycan vətəndaşlarının vətənə qayıtmalarına imkan yaradıldı. O cümlədən bütün istiqamətlərə təyyarə uçuşları dayandırıldı. Həmçinin ölkə ərazisində mart ayından sosial izolyasiya tədbirlərinə start verildi. Sonrakı günlərdə izolyasiya tədbirləri genişləndirildi və ölkədə karantin rejimi tətbiq olundu. Bunun nəticəsidir ki, mart və aprel aylarında Azərbaycanda virusa yoluxmada ağır fəsadlar yaranmadı.

Eyni zamanda ölkə ictimaiyyəti koronavirusun sosial-iqtisadi sferaya mənfi təsirlərinin azaldılması istiqamətində də ilk gündən Prezident İlham Əliyevin prinsipial mövqeyini gördü. Dövlət başçısının tapşırığı ilə həm koronavirusla mübarizə, həm aztəminatlı insanların, həm sahibkarların və bütövlükdə, iqtisadiyyatın bu qlobal pandemiya dövründə çətinlik çəkməməsi üçün nə lazımdırsa edildi. Xidmət və digər sahələrdə çalışan yüz minlərlə vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənildi. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edildi. Ödənişli ictimai iş yerlərinin sayı 2 dəfə artırılaraq 90 minə çatdırılacaq. Aprelin 1-dən həm də ünvanlı sosial yardım alan ailələrin sayı 12 min artırıldı. Hər bir belə ailəyə ayda 222 manat ödənilir.

Təbii ki, bu, dövlət üçün böyük xərclər deməkdir. Belə ki, vergi güzəştləri də nəzərə alınsa, indiyədək vətəndaşların sosial rifahı üçün, o cümlədən iqtisadi sferanı əhatə edən dəstək proqramlarının maliyyə tutumu 3,5 milyard manatdan çoxdur. Bütün bunlar - ölkə vətəndaşlarının sağlamlığının təmin olunması üçün atılan addımlar, işsizlərə müavinətlərin verilməsi və digər sosial layihələr, əməkhaqlarının dövlət tərəfindən ödənilməsi, xaricdəki soydaşlarımızın vətənə gətirilmələri, karantin rejimi müddətində aztəminatlı ailələrə və işsizlərə yardım edilməsi Prezidentin öz vətəndaşına diqqət və qayğısının göstəricisidir.

Unutmaq lazım deyil ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Bu məqsədlə gigiyena qaydalarına daha ciddi riayət olunmalı, karantin rejiminin tələblərinə ciddi əməl edilməlidir. Bu səbəbdən indiki vəziyyətdə hər şey vətəndaşlardan asılıdır. Yəni məhdudiyyətlər götürülsə belə insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər.

Vətəndaşlar ciddiliklə sosial məsafə tələbinə, qoruyucu maskalardan istifadə olunmasına əməl etməlidirlər. Belə olduğu təqdirdə koronavirusun ciddi fəsadlar törətməsinin qarşısı mütləq alınacaq. Mart və aprel aylarındakı vəziyyət də bunu təsdiq edir. İyunun 3-də Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi də hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.

Reallıq budur ki, Azərbaycan dövləti COVID-19 infeksiyasının qarşısının alınması üçün əlindən gələni edir. Virusa qarşı mübarizə Prezident İlham Əliyevin fəaliyyətində ən prioritet məsələlərdən biridir. Hər bir vətəndaş da bunları nəzərə almalı, xüsusilə məsuliyyətli olmalı, özünü və yaxınlarını qorumalıdır. Vətəndaşın məsuliyyəti həm də onun həmrəylik nümayiş etdirməsi deməkdir. Sərt karantin dövründə Azərbaycan xalqı birlik nümayiş etdirdi. Sağlamlığımız və təhlükəsizliyimiz naminə bu həmrəyliyin bundan sonra da qorunması vacibdir.

Amil CAVADOV,

YAP Gənclər Birliyinin Şura üzvü

RƏYLƏR