İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

OXUNUB: 305 index-manşet SİYASƏT
"Ağdamlılar Birinci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ Müharibəsində - Vətən Müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin”. 

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək, onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.

Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir”.

İ.Əliyev bildirib ki, bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir:

"Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var.

Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir”.

RƏYLƏR