İlham Əliyev: Müstəqil yolla gedirik və gedəcəyik

OXUNUB: 782 index-manşet SİYASƏT

Biz indi nəhəng enerji layihələrini icra edirik: bu da qarşıda duran əsas vəzifələrdən biridir.

İcmal.Az. xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

"Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik. Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. Müəyyən yubanmalar olmuşdur, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir.

Biz bu tarixi layihəni - yeddi ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. "Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir.

Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır”, - deyə qeyd edən prezident bildirib ki,  "Azəri-Çıraq” yatağının istismarının uzadılması haqqında da tarixi qərar qəbul edilib:

"Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur.

Bu gün biz beynəlxalq arenada bütün məsələlərlə bağlı öz sözümüzü deyirik. Nəyə görə? Əlbəttə ki, güclü siyasi iradəyə görə, cəsarətli siyasətə görə, amma, eyni zamanda, maliyyə imkanlarımıza görə.

Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz yoxsul, səfil Ermənistan kimi ona-buna dilənsəydik, onda əlbəttə ki, bizim müstəqil siyasət aparmaq imkanımız da olmaya bilər, yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi də möhkəmləndirir”.

Onun sözlərinə görə, növbəti illərdə önəmli, tarixi qaz-nəqliyyat layihələrini yenə də icra etməklə Azərbaycan - açıq dənizlərə çıxışı olmayan bir ölkə Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək:

"Biz siyasətimiz, qətiyyətimiz, düzgün xarici siyasətimiz nəticəsində bunu da edəcəyik. Çünki xarici siyasət, ilk növbədə, daxili problemlərin həllinə yönəlib. Xarici siyasət daxili siyasətin davamıdır. Biz uğurlu xarici siyasəti təkcə ona görə aparmırıq ki, dünyada bizə olan rəğbət artsın.

Bu, real işlərə çevrilir. Uğurlu xarici siyasət bu beynəlxalq layihələri də həll etməyə şərait yaradır. Çünki tranzit ölkə olmaq üçün sən mütləq qonşularla işləməlisən. Qonşular olmadan heç bir ölkə tranzit ölkə ola bilməz. Bütün bunlar bir-birinə bağlı olan məsələlərdir. Bizim gələcək inkişafımızla bağlı çox aydın təsəvvürümüz, proqramlarımız var - bütün sahələrdə, ictimai xidmət sahələrində, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə sahəsində, haqq-ədalətin bərqərar olması sahəsində, bütün istiqamətlərdə.

Sadəcə olaraq, bir çıxışda bütün istiqamətlər haqqında geniş danışmaq mümkün deyil. Ancaq mən əminəm ki, Azərbaycan növbəti illərdə öz uğurlu, dinamik inkişaf tempini nəinki saxlayacaq, onu daha da möhkəmləndirəcək.

Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi.

Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik”.

İcmal.Az

RƏYLƏR