İlham Əliyev Naxçıvanda - YENİLƏNİB + FOTO

OXUNUB: 1016 index-manşet SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 16-da Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.

İcmal.Az xəbər verir ki, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Ümummilli lider Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarların nəticəsində Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olan ölkəyə çevrildi. Müstəqil dövlətimizin sərhədlərinin etibarlı qorunmasının yüksək səviyyədə təşkili sonrakı dövrdə də prioritet oldu. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunun əsas istiqamətlərindən olan Sərhəd Qoşunlarını da dövlət qayğısı ilə əhatə etdi.

Ali Baş Komandanın ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürünə çevrildi. Təsadüfi deyil ki, son illərdə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması əlbəttə ki, Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Bildirildi ki, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsinin qərargah və yataqxana binası üç mərtəbədən ibarətdir. Binada rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binanın ikinci mərtəbəsində hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər yataqxanası və 4 yerlik zabit yataqxanası yerləşir. Burada ərzaq mağazası və əsgərlər üçün əlavə ləvazimatların satışı dükanı da hərbçilərə xidmət göstərəcək. Binada, həmçinin ikiotaqlı 4 mənzil də var.

Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlayır. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Bu işlərlə yanaşı, sərhədçilərin mənzil-məişət, sosial məsələlərinin həllinə də daim diqqət göstərilir.

Zastavanın texniki binasında əsgərlər üçün müasir səviyyədə hamam və camaşırxana, ərzaq, əşya və silah anbarları, avtomobillərin saxlanması üçün qaraj da yaradılıb. Kinoloji xidmət üçün 7 yerlik və atların saxlanması üçün 12 yerlik tövlə binası tikilib. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Burada hərbçilərin idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb.

12:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.

İcmal.Az xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycanda ali təhsilin inkişafı da diqqətdə saxlanılır. Prezident İlham Əliyev ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada Naxçıvan Müəllimlər İnstitutu da mühüm yer tutur. Belə ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib.

Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Bütün bunlar Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsinin göstəriciləridir. Dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin dünyanın inkişaf etmiş ali təhsil məkanına inteqrasiyasının təmin olunması ilə bağlı tədbirləri bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.

Naxçıvan Müəllimlər İnstitutunun yeni binasında yaradılan şərait bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımların nəticəsində muxtar respublikada da böyük işlər görülüb. Bütün bunlar Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

11:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

İcmal.Az xəbər verir ki, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin "Neft Azərbaycanın milli sərvətidir” deyimi yeni yüzillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində başqa bir modeldə həqiqətə çevrildi. Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə ünvanladığı "Qara qızılı insan kapitalına çevirmək” mesajı 2003-cü ildən başlayaraq dövlət siyasətinin mühüm tərkib hissəsi oldu. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür.

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsildəki nailiyyətlər göz qabağındadır. Bu nailiyyətlər istər bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsində, istərsə də yeni təhsil müəssisələrinin inşasında özünü daha aydın göstərir. Təhsil sahəsi hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.

Məktəbin binası üçmərtəbəlidir. Binada iki kompüter sinfi, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, 2 şahmat sinfi, hərbi kabinet, 24 ümumi sinif otağı, müəllimlər otağı və idman zalı var. Məktəbin həyətində qazanxana və bufet binası tikilib. Bir sözlə, burada şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli imkanlar mövcuddur.

Son illərdə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yeni-yeni təhsil ocaqlarının yaradılması, mövcudlarının əsaslı şəkildə müasir səviyyədə yenidən qurulması dövlət səviyyəsində təhsil sahəsinə olan diqqətin təzahürüdür. Bütün bunlar gələcək nəslin bilikli, savadlı və intellektual səviyyəyə malik bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafına istiqamətlənən çox mühüm layihələr icra olunub.

Təsadüfi deyil ki, son illərdə ölkə ərazisində 3 mindən çox məktəb tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bununla da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün bunlar isə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsilin keyfiyyətinə müsbət təsir göstərib.

Prezident İlham Əliyev məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

11:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

İcmal.Az xəbər verir ki, son illərdə ölkəmizin ərazisində yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 

Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində bu sahədə də əhəmiyyətli nəticələr əldə olunub. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır.

Son illərdə Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin yaradılması istiqamətində görülən işlər bunu deməyə əsas verir. Bu layihə bir tərəfdən ekoloji sahədə görülən tədbirləri əks etdirir, digər tərəfdən də yeni infrastruktur layihələrinin səmərəli istifadəsi üçün geniş imkanlar açır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına kompleks barədə məlumat verib.

Bildirildi ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb.

Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Bu qurğunun gücü gündə 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib.

Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir. Təmizləyici Qurğular Kompleksinin yerləşdiyi sahə 2,62 hektardır ki, bunun da 2 hektarı tullantıların saxlanması və qurudulması sahəsinə aiddir. Burada bioreaktor və membran tipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompeksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.

Prezident İlham Əliyev kompleksi işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.

10:41

Mayın 16-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

İcmal.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

10:25

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

İcmal.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən, Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb.

Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən, Arpaçay subölücüsündə gölün dibindən altı metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir.

Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür.

Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək diametri 900 millimetrdən 630 millimetrə qədər olan borularla 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.

Layihə ərazisində diametri 560 millimetrdən 63 millimetrə qədər plastik borularla 59,4 kilometr içməli su xətti çəkilib, 2500 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində yeddi yanğın hidrantı tikilib.

Yerin relyefindən asılı olaraq, mənzillərə su 2-5 bar arasında təzyiqlə verilir. Şərur şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər olan borularla 19 kilometrdən çox daxili kanalizasiya şəbəkəsi çəkilib və 1500 ədəd ev kanalizasiya xəttinə qoşulub.

Kanalizasiya sularının kənarlaşdırılması üçün diametri 400 millimetdən 600 millimetrə qədər plastik borularla 7,3 kilometr uzunluğunda ana xəttin inşası aparılıb.

Bununla da Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.

Sonra dövlətimizin başçısı "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basıb.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

10:01

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

İcmal.Az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

İcmal.Az

RƏYLƏR