İlham Əliyev Qobustanda - YENİLƏNİB

OXUNUB: 745 SİYASƏT

"İçməli su layihələri ölkəmizdə geniş vüsət alıb. İndi bir çox şəhərlərimizdə artıq bu layihələr başa çatıb, bəzi şəhərlərdə davam edir. Qarşıya məqsəd qoyulmuşdur ki, bütün şəhərlərimizdə və əksər kəndlərdə bu məsələ öz həllini tapsın və biz bu istiqamətdə çox ciddi addımlar atırıq”.

İcmal.Az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, insan sağlamlığı üçün digər vacib məsələlər də öz həllini tapır: "Bildiyiniz kimi, ölkəmizdə ənənəvi olaraq müayinədən keçmə proqramı da icra edilir, hər il beş milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçir. Qobustanda Mərkəzi Rayon Xəstəxanasının tikintisinə əlavə vəsait ayrılacaq, indi işlər daha da sürətlə getməlidir və müvafiq göstəriş veriləcək, çünki tikinti başlayıb, amma bir az yavaş gedir. Biz gərək onu sürətləndirək ki, bu məsələ də Qobustan rayonunda öz həllini tapsın. İnfrastrukturla bağlı digər layihələr uğurla icra edilir, elektrik enerjisi ilə bağlı problemlər, demək olar ki, öz həllini tapıb. Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizdən çoxdur və növbəti aylarda daha da geniş vüsət alacaq. Hesab edirəm ki, qazlaşdırma maksimum təmin edilməlidir. İçməli su ilə bağlı problem öz həllini tapır, kənd yollarının tikintisi davam edir. Biz bir layihəni icra etmişik. Bu layihə təqribən 13 minə yaxın əhalini əhatə edir. Bu gün isə növbəti kənd yolunun açılışını qeyd edəcəyik. Açılacaq bu yol da 15 min insanın işini yüngülləşdirəcək. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Qobustan rayonunda öz həllini tapır. Onu da qeyd etməliyəm ki, səfərlərimin birində biz burada həm külək, həm də günəş alternativ enerji mərkəzinin açılışını etmişik. Bu, ölkəmiz üçün pilot layihə idi. İndi isə ölkəmizin bir çox yerlərində bu layihələr icra edilir”.

Prezident bildirib ki, bütün infrastruktur layihələri həyata keçiriləndən sonra gələcəkdə ancaq rayonun inkişafı ilə bağlı kənd təsərrüfatı və emal sənayesi layihələri icra edilməlidir: "Əvvəlki dövrlərdə idman mərkəzi də tikilib, əminəm ki, xəstəxana da yaxın vaxtlarda tikiləcək. Bir çox məktəblər tikilib, təmir edilib. Bu gün bir bağçanın açılışını da qeyd etdik. Növbəti illərdə qəzalı vəziyyətdə olan məktəblər təmir ediləcək, yeni məktəblər tikiləcək. Beləliklə, bundan sonra rayonun inkişafına çox böyük təkan veriləcək və insanlar rahat yaşayacaq. İş yerləri də yaradılır və ümumi iqtisadi inkişafımız çox müsbətdir. Əminəm ki, bu ili biz uğurla başa vuracağıq”.

11:29

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-də "Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.

Oxu.Az xəbər verir ki, son dövrlərdə ölkədə sosial sahədə həyata keçirilən siyasətin tərkib hissəsi kimi əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı, həmçinin kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətində icra edilən layihələrin də həcmi artır. Bu baxımdan, "Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də mühüm əhəmiyyət daşıyır. Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Qobustan şəhərində 11700 nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ildə başlanan layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Eyni zamanda, 14,4 kilometr uzunluğunda magistral kəmər çəkilib, mürəkkəb relyef şəraiti nəzərə alınmaqla, suyun şəhərə çatdırılması üçün üçpilləli nasos sistemi quraşdırılıb. Əhaliyə verilən içməli suyun keyfiyyət göstəricilərinin uzunmüddətli dövr üçün standartlara uyğunluğunu təmin etmək məqsədilə su mənbəyində məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli təmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xaçmaz və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Qusar və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

"Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına layihə barədə məlumat verib. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Artıq bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihəyə uyğun olaraq, Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyusunun inşası yekunlaşıb və hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru da tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğunun inşası üzrə keçirilən tender prosedurları son mərhələdədir və qarşıdakı aylarda tikinti-quraşdırma işlərinə başlanılacaq.

Bildirilib ki, layihə çərçivəsində Qobustan Su-kanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. Burada işçi otaqları, informasiya texnologiyaları otağı, iclas zalı yaradılıb. Bir sözlə, burada müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün hərtərəfli şərait var. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Qeyd olunub ki, yeni layihənin icrasına qədər Qobustan şəhərində 1950-ci illərdə yaradılmış su təchizatı sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Xaltava və Təsi kəndləri ərazisində yerləşən subartezian quyularından verilirdi. Əvvəllər mövcud olmuş 42 kilometrlik su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermirdi. "Azərsu” ASC 8500 nəfər əhalisi olan Qobustan şəhərinin təqribən 20 faizinə xidmət göstərə bilirdi. İçməli su həftənin 3 günü olmaqla, cəmi 1-2 saatlıq qrafiklə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Qobustan şəhərində kanalizasiya sistemi isə yeni layihə icra edilənədək mövcud olmayıb.

Sonra prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

İcmal.Az

RƏYLƏR