İlham Əliyev Sərkisyanla Qarabağ problemini müzakirə edəcək

OXUNUB: 842 index-manşet SİYASƏT

"Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır".

İcmal.Az xəbər verir ki, bunu prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Dövlət başçısı bir neçə gün sonra Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini xatırladıb: "Bir neçə gündən sonra mən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik.

Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq, bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Ümumilikdə, bütün beynəlxalq formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır. Bütün ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur. Bu, bizim üçün sual deyil, biz istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bundan əlavə, hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz.

Bu gün biz İspaniyada və İraqda nələrin baş verdiyini görürük və nəhayət ki, beynəlxalq ictimaiyyət separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa başlayır. Çünki separatizm böyük təhlükədir. Hesab edirəm ki, ərazi bütövlüyü və öz müqəddəratının təyin edilməsi arasında tarazlığı müəyyən etmək çox asandır. Helsinki Yekun Aktına nəzər salsaq, görərik ki, burada hər şey aydın ifadə olunub. Ermənistan isə hər iki prinsipin bərabər hüquqa malik olduğunu iddia edərək, ictimai rəyi manipulyasiya etməyə çalışır. Öz müqəddəratının müəyyən edilməsi ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağın gələcəyi məsələsinə gəldikdə isə, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə Dağlıq Qarabağda yaşamalıdırlar".

İcmal.Az

RƏYLƏR