İlham Məmmədov: “Rüşvətxorluq və korrupsiyanın özü də milli xəyanətdir”

OXUNUB: 1430 SİYASƏT

Son 5 ayda ərzində 5 rayonun - Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişlinin icra başçısı həbs olunub. Lakin bunlar ölkə tarixində heç də qeyri-qanuni əməllərinə görə vəzifələrindən anormal şəkildə yola salınan ilk başçılar deyil.Bundan öncə də ölkə prezidentinin tapşırıqlarına zidd gedən, insanları incidən, rüşvət və koorupsiya bataqlığına yuvarlanan məmurlarla bağlı hüquq-mühavizə orqanları lazımi tədbirlər görmüş, bu barədə ictimaiyyətə geniş məlumat vermişdilər.

Bu gün isə Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən baş verən son hadisələrə münasibət bildirərək bir daha məmurlara sərt tapşırıqlar verib: "Siz daim xalq içində olmalısınız, vətəndaşlarla bir yerdə olmalısınız, onların problemlərini təhlil etməlisiniz... Sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır.”

Məsələ ilə bağlı 7NEWS.az saytına münasibət bildirən millət vəkili İlham Məmmədovrüşvət və korrupsiyanın, əslində, milli xəyanət olduğunu deyib: "Bu gün ölkəmiz pandemiya dönəmində uğurlu fəaliyyət nümayiş etdirdi. Hətta, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, o cümlədən, xalqımız bu faktoru yüksək səviyyədə qiymətləndirir. Bu gözə görünməyən düşmənlə mübarizədə Prezident İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyevanın bərabər şəkildə, insanlarımızı qorumaqla, pandemiyanın digər fəsadlarının qarşısını almaq üçün sinələrini sipər etdilər. Çox təəssüflər olsun ki, bəzi həris məmurlar məhz belə bir fürsətdən yararlanaraq, dövlətin aztəminatlı ailələr üçün ayırdığı yardımları mənimsəmək üçün özlərinin planlarını qurdular. Doymadınızmı? Bəs deyilmi? Prezident İlham Əliyev dəfələrlə deyib və yenə də deyir ki "əl çəkin”. İndi qanun qarşısında əliniz də çəkiləcək, ətəyiniz də. Tarixdə adınız xalqın malını yeyən oğru, vicdansız kimi qalacaqdır. Bəli, siz qanun qarşısında öz cəzanızı alacaqsınız, ancaq adınızdan bu ləyaqətsizliyi təmizləyə bilməyəcəksiniz. Əmin olun ki, pandemiya tarixi hər zaman öyrəniləcək, araşdırılacaq, kim öz dövlətinə, xalqına necə xidmət etdi deyə araşdırmalar aparılacaq. Təbii ki, nəinki ölkəmizdə, bütün dünyada pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin və I Vitse-Prezident Mehriban xanım Əliyevanın adı tarixdə qızıl hərflərlə yadda qalacaq. Mən, Cənab Prezidentin Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha tövsiyyələrini verdi. Prezident hər görüşündə bütün məmurlara pospandemiya dönəmində iqtisadi artımın hansı yollarla təmin ediləcəyi ilə bağlı açıq konturlar verir, tezislər verir. Hələ illər öncə Prezident bu mesajları vermişdi, demokratik cəmiyyət quruculuğunda görüləcək işlər, qarşıya qoyulan hədəflərlə bağlı tapşırıqlar vermişdi. Axı ölkəmizin rəhbəri 24 saat xalq üçün çalışır.”

İlham Məmmədov Prezidentin bugünkü çıxışında qeyd etdiyi - "Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.”- fikirlərə də münasibət bildirib: "Bəli, Cənab Prezident, bu dəstək bütün xalqımız tərəfindən verilir. Bu çətin gündə Siz ölkəmizin bütün gücünü xalqımızın rifahı üçün səfərbər etdiniz.

Millət vəkili təmsil olunduğu rayonun seçiciləri tərəfindən pandemiya ilə mübarizədə dövlətin atdığı addımların yüksək qiymətləndirildiyini deyib: "Bir Millət vəkili kimi təmsil etdiyim rayonun əhalisi də Sizin və I Vitse-Prezident Mehriban xanım Əliyevanın bu əməyini yüksək qiymətləndirir, öz təşəkkürlərini bildirirlər. Bu onu göstərir ki, Cənab Prezidentin uzun illər apardığı uğurlu siyasət bu kimi ağır dönəmlərdə açıq-aydın görünür və xalq tərəfindən hiss edilir. Hesab edirəm ki, Prezident İlham Əliyevin bugünkü çağırışı bir daha rüşvətxor, gözü doymayan insanlara dərs olmalıdır. Onlar ya dur deməli, ya da vəzifələrini tərk etməlidirlər. Xalq, millət, ictimai nəzarət, demokratik inkişaf öz sözünü deyir. Prezidentin dediyi kimi, güc birlikdədir və bu güc bütün belə adamları sel kimi yuyub aparacaqdır. Mən belə adamları satqın, oğru, xəyanətkar adlandırıram. Postpandemiya dövrü, xüsusilə, şəffaflıq tələb edəcəkdir. Xalqımız, millətimiz hər zaman Prezident İlham Əliyevin və I Vitse-Prezident Mehriban xanım Əliyevanın yanındadır və bu yolda inamla addımlayacaqdır”

 

RƏYLƏR