İnaraq yaşadıq və yaşayaraq inanırıq!

OXUNUB: 94 SOSİAL
Bəli, milyonlarla Azərbaycan vətəndaşı kimi, müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə həmişə inandım və inanmaqda davam edirəm. Bunun üçün sadəcə dönüb arxaya, uzaq və yaxın keçmişimizə baxmaq, müstəqillik illərinin ilk dönəmləri və bir də yaşadığımız bu günün reallıqları belə deməyə və ən yeni Azərbaycan tarixi ilə fəxr etməyimizə əsas verir.

Bəli, bu gün biz, hər bir Azərbaycan vətəndaşı yaşadığımız reallıqlardan sözün əsil mənasında sevinc və məmnunluq hissi yaşayırıq. Bütün bunlar son illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar – siyasi, sosial – iqtisadi və mədəni həyatının bütün istiqamətlərində ardıcıl olaraq həyata keçirilən məqsədypnlü islahatların nəticəsində qazanılan nailiyyətlər fövqündə baş verir. Aparılan islahatlar ölkədə sağlam, əlverişli ictimai-siyasi iqlimin formalaşmasına da öz töhvələrini verməkdədir. Bütün bunları nəinki görür, gündəlik həyatımızda yaşayırıq.

Torpaqlarımızın bütövlüyünü təmin edən 44 günlük qalibiyyətli müharibə xalqda dövlətimizə, dövlətçiliyimizə iman hissini daha da artırdı. Torpaqlarımızın işğaldan azad edilməsi milli bütövlüyümüzü təmin etdi, Azərbaycanı dünyaya tanıtdı. Taleyimizi etibar etdiyimiz dövlət başçımız, Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin Azərbaycan xalqının zəmanəti olmasını artıq ölkədaxili bir çox siyasi partiya və təşkilatlar da qəbul edir. Artıq dünyanın aparıcı dövlətləri belə Azərbaycan reallıqlarını qəbul etdiklərini görürük. Son dövrlərdə yaşadığımız gerçəkliklər ölkənin siyasi həyatına da yeniliklər gətirdi. Bu yeniliklərin gətirdiyi reallıqlar Yeni Azərbaycan Partiyasının növbəti qurultayında bir daha özünün təsdiqini tapdı. Məhz YAP-ın bu ali məclisində partiyalararası inteqrasiya yeni müstəviyə köçürüldü, əməkdaşlıq və tərəfdaşlıq, birgə fəaliyyət istiqaməti qəbul edildi.

Bu baxımdan 5 mart 2021-ci il tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə qəbul edilən qərar mühüm əhəmiyyətə malikdir. Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası barədə qəbul edilən bu qərar ölkəmizdə partiyalararası sağlam dialoq mühitini dərinləşdirməsinə, demokratik ənənələri şaxələləndirməyə xidmət etməklə siyasi partiyaların güclənməsinə zəmin yarandı.

Siyasi partiyalar tərəfindən vaxtında atılan bu addım taleyimizin zəmanəti olan iqtidara qarşı müsbət ictimayi rəyin artmasının, YAP-ın sözün əsl mənasında ümumxalq partiyası olmasının göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, torpaqlarımızın tamlığını təmin etmiş Vətən müharibəsindəki tarixi qələbəmiz ölkədə milli birliyi möhkəmləndirdi, milli maraqları ön plana çıxardı. Bu birlik əksər siyasi partiyalar arasında sağlam münasibətləri formalaşmasını, ümumdövlət məsələlərində onların vahid mövqedən çıxış etməsinə səbəb oldu. 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalq tərəfindən birmənalı qəbul edilən "Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilməsi siyasi münasibətlərdə də yeni yanaşmaların formalaşmasını zərurətə çevirdi, nəticədə 6 siyasi partiyanın YAP-a qoşulması Azərbaycanın dövlət və milli maraqları naminə müxtəlif siyasi qüvvələr arasında inteqrasiyanın qaçılmaz olduğu öz təsdiqini bir daha tapdı.

Bir təhsil işçisi, tarix müəllimi, bir vətəndaş olaraq belə hesab edirəm ki, müasir siyasi qüvvələr arasında baş verən inteqrasiya prosesi ölkəmizdə yeni siyasi sistemin formalaşması prosesinin uğurla davam etdirilməsinə, siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə yol açdı, yeni siyasi mənzərənin təşəkkülünə imkan yaratdı.

Qeyd etmək lazımdır ki, Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən sürətli inkişaf, hərb sahəsində qazandığımız tarixi Qələbə ölkədaxili siyasi qüvvələrin həyatında kəmiyyət göstəricilərinin keyfiyyət göstəriciləri ilə əvəz olunmasını şərtləndirən əsas amillərdir. Beləlikləsiyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyaların fəaliyyətində məsuliyətlilik və hesabatlılıq prinsiplərini ön plana çıxarmış oldu.

Yuxarıda qeyd etdiyimiz kimi son illərdə ictimai həyatımızın bütün sahələrində baş verən dəyişikliklər, xalqın sosial rifah halının yüksəlməsi istiqamətində həyata keçirilən məqsədyönlü sosial tədbirlər, torpaqlarımızın işğaldan azad olunması xalqla iqtidar arasında yaranmış monolit ideoloji birlik artıq reallığa çevrilmişdir. Məhz xalqla-iqtidar birliyi ölkədə ideoloji birliyin yaranmasını zəruri etdi.

Bu baxımdan öz siyasi proqramlarında qarşıya qoyduqları başlıca məqsədlərinə çatmış 6 siyasi partiyanın iqtidar partiyasına qoşulması tarixi zərurətdən doğan, alqışa layiq bir hadisə olmaqla biz sıravi vətəndaşlar tərəfindən təqdir edilir. İnanırıq ki, bu hələ son deyil. Azərbaycanin gələcək inkişafı ölkəmizdə fəaliyyət göstərən bir çox siyasi partiyaların öz siyasi proqramlarında qarşıya qoyduqları əsas məqsədlərə çatmasını təmin edəcək, onlar da YAP-ın sıralarında yer alacaq və ya siyasi səhnədən uzaqlaşacaqlar.

Sonda həmvətənlərə müraciət edərək: -"Azərbaycanımızın gələcək inkişafına, onun qüdrətinə inamla yaşayın və yaşayaraq inanın” deyirəm.

 

Nazir Əliyev,

E.Əliyev adına 297 nömrəli tam orta

məktəbin direktoru, əməkdar müəllim

RƏYLƏR