İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi ilə “ASAN xidmət” arasında memorandum imzalanıb

OXUNUB: 991 İQTİSADİYYAT

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub.

"ASAN xidmət"dən İCMAL.az-a verilən məlumata görə, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İndoneziya Respublikasında dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandumu Azərbaycan tərəfdən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, İndoneziya tərəfdən bu ölkənin inzibati və bürokratik islahatlar naziri Asman Abnur imzalayıblar.

İmzalanma mərasiminin yekunları üzrə keçirilən mətbuat konfransında çıxış edən Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycan-İndoneziya dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb. O, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqtisadi, sosial və dövlət idarəçilyi sahəsində həyata keçirilən uğurlu islahatlardan və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət”in fəaliyyətindən bəhs edib.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirən İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Asman Abnur, növbəti illərdə bu modelin İndoneziyada uğurla tətbiqinə əminliyini ifadə edib.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziyanın İnvestisiya Əlaqələndirmə Şurası, Ədliyyə və İnsan Hüquqları Nazirliyində görüşlər keçirib, Cakarta şəhərinin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin nümayəndə heyəti həmçinin Bali adasının Denapasar şəhərinin meri ilə görüşüb, şəhərin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzində olub.

Səfər çərçivəsində təşkil olunmuş görüşlərdə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyev və Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak edib.

RƏYLƏR