"İnfiniti" və "Extra" gecə klublarına görə iki polis rəisi işdən çıxarıldı - YENİLƏNİB

OXUNUB: 617 HADİSƏ

Bakıda gecə klublarında karantin rejiminin pozulması faktı ilə bağlı iki polis rəisi işdən çıxarılıb.

Lent.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Fərid Vəliyev tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də tutduğu vəzifədən kənarlaşdırılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən rəislər rayon ərazisində fəaliyyət göstərən "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a faktı təsdiqləyib.

***

saat 11:48

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər diqqət mərkəzində saxlanılır.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Paytaxtın Nərimanov rayonunda "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub. 

Polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb. 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 

"İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, "Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər. 

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

***

saat 09:12

Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun Lent.az-a verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradılır və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq klub fəaliyyətini gecə saat 00:00 dan sonra da davam etdirir. Qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər. Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb. Bildirilib ki, obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək.

RƏYLƏR