İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

OXUNUB: 650 SİYASƏT

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan İranın iqtisadiyyat və maliyyə naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

DGK Mətbuat Xidmətindən  İcmal.Az-a verilən məlumata görə, A. Əliyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və davamlı inkişafına töhfə verdiyini qeyd edərək, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb. A. Əliyev qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən komitə sədri bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və bildirib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar iranlı iş adamları ölkəmizə investisiya yatıracaq, konkret olaraq istehsal sahələrinin yaradılmasına öz töhfələrini verəcəklər. Artıq bu istiqamətdə müəyyən addımların atıldığını sevindirici hal kimi dəyərləndirən qurum rəhbəri iranlı iş adamlarının bu fəaliyyətinin davamlı olacağına ümidvar olduğunu bildirib.

İran hökumətinin Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirən M. Kərbasian bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin vacibliyini diqqətə çatdırıb. Nazir Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, gömrük sferasında həyata keçirilən son islahatlar və əldə edilən uğurlardan məmnunluqla söhbət açıb və bu kimi tədbirlərin iqtisadi və ticari əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Əlaqələrin daha geniş vüsət alması üçün İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşlərinin keçirilməsinin əhəmiyyətinə toxunan M. Kərbasian gələcəkdə bu təklifin reallaşacağına ümid etdiyini bildirib. İranlı nazir Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar və Astara gömrük-sərhəd keçid məntəqələrinin isə 24 saatlıq iş rejiminə keçirilməsi, eləcə də, Aslandüz-Horadiz gömrük-sərhəd keçid məntəqəsinin açılmasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülən işlərlə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşdə gələn həftə Kolumbiyanın Kartagena şəhərində gömrük məsələlərinə dair gerçəkləşəcək beynəlxalq tədbirlərlə, Ümumdünya Gömrük Təşkilatı baş katibi və müavinləri vəzifəsinə keçiriləcək seçkilərlə, eləcə də, noyabr ayında Pakistanın İslamabad şəhərində baş tutacaq İqtisadi Əməkdaşlıq Təşkilatı gömrük xidməti rəhbərlərinin iclasında müzakirə ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə iştirak edib.

İcmal.Az

RƏYLƏR