İranda seçkiqabağı kampaniya başladı: indiki prezidentin rəqibləri zəif görünür - ŞƏRH

OXUNUB: 1698 MÜSAHİBƏ Funksiyalar DÜNYA ERMƏNİSTAN

Bakı. 27 aprel. / İranda seçkiqabağı təbliğat kampaniyası başlayıb və prosesin nəticəsinin necə olacağı maraqla izlənilir. Ancaq prezident İranın dövlət başçısı deyil. Bu baxımdan seçki kampaniyasını yalnız İslam Respublikası hakimiyyətindəki siyasi qrupların fəaliyyəti və mövcudluğu baxımından müşahidə etmək, dəyərləndirmək daha doğru olar. Bu seçki kampaniyası həm də İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin səhhətinin ağır olması ilə bağlı xəbər və şayiələrin çox yayıldığı bir vaxta təsadüf etdiyindən maraq kəsb edir. 

Ölkədə seçkidə əsas rollardan birini oynayan Nəzarət Şurası namizədlərin yekun siyahısını açıqlayıb.

Məlumata görə, seçki kampaniyasında 6 namizəd iştirak edəcək. Bunlar hazırki Prezident Həsən Ruhani, keçmiş sənaye naziri Mustafa Haşimi, keçmiş mədəniyyət və islami irşad naziri Mustafa Mirsəlim, Tehranın valisi Məhəmmədbağır Qalibaf və Məşhəddəki İmam Rza Fondunun sədri İbrahim Raizidir.

Prezident seçkisi mayın 19-da keçiriləcək.

Mütəxəssislər bu siyasi kampaniyada hazırki hökumət başçısı Həsən Ruhaninin qalib gələcəyini istisna etmirlər. O, 2013-cü ildə bu vəzifəyə seçilib. Hakimiyyətdaxili islahatçı xəttin təmsilçisi sayılır.

İmam Rza Fondunun indiki sədri İbrahim Raizi ayətullah Xomeyninin dövründə hakimiyyətə müxalifətdə olanları cəzalandıran komitənin azsaylı üzvlərindən biri sayılır. O, dünya ictimaiyyəti üçün yeni fiqur kimi görünür. İ.Raizi hakimiyyətdaxili mühafizəkar xəttin ən əsas namizədidir. Sərt xətt tərəfdarı olan keçmiş komitə üzvü ABŞ-a münasibətdə deyib: “Amerikalılar İrandan qorxur. Ən düzü budur. Biz geri çəkilməməliyik. Onları geri çəkilməyə məcbur etməliyik”.

İ.Raizi prezidentliyə namizəd olandan sonra bildirib ki, İsrail istisna olmaqla, bütün dövlətlərlə əlaqə saxlamağın tərəfdarıdır.

Məhəmməd Qalibaf artıq üçüncü dəfədir prezidentliyə namizəd olur. İ.Raizi kimi o, da güc strukturlarının təmsilçisidir.

İndiki prezidentin müavini İshaq Cahangirinin də elə parlaq fəaliyyəti olmayıb.

Digər iki namizəd də ciddi siyasi rəqib sayılmırlar.

Qeyd edək ki, İranda prezidentliyə namizədlərin qeydiyyatı aprelin 21-də başa çatıb. 5 gün ərzində 137-si qadın olmaqla, 1636 nəfər prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçib. Bu prosesi maraqlı etmək üçün keçmiş prezident Mahmud Əhmədinejat da namizədliyini qeydiyyata aldırmaq üçün sənədlərini seçkinin keçirilməsinə də məsuliyyət daşıyan Daxili İşlər Nazirliyinə təqdim etmişdi. Ancaq açıqlanmayan səbəblərə görə onun namizədliyi qeydə alınmayıb.

Beləliklə, mayın 19-da İranda 12-ci dəfə prezident seçkisi keçiriləcək. İran İslam Respublikasında ilk ikisi istisna olmaqla, prezidentlər, yaxud hökumət başçıları iki dönəm seçilirlər.

İslam Respublikasının ilk prezidenti Seyid Əbdülhəsən Bənisədr olub. O, 1980-ci il yanvarın 25-dən 1981-ci il iyunun 21-dək bu vəzifədə qala bilib. Sonra Fransaya qaçıb və orada yaşayır.

Məhəmmədəli Rəcai 1981-ci il avqustun 2-dən həmin il avqustun 30-dək prezident olub. Avqustun 30-da törədilən terror aktı nəticəsində o, həmin dövrdə baş nazir olan Məhəmmədrza Bahünər və daha 3 nəfər ölüb.

1981-ci il oktyabrın 2-dən 1989-cu il avqustun 2-dək İranın indiki ali rəhbəri, ayətullah Seyid Əli Xamənei prezident postunda oturub. O, ayətullah Xomeyni öləndən sonra ölkənin ali rəhbəri olub.

1989-1997-ci illərdə Əliəkbər Haşimi-Rəfsəncani prezident olub, yaxud hökumətə başçılıq edib. 1997-2005-ci illərdə Məhəmməd Xatəmi, 2005-2013-cü illərdə Mahmud Əhmədinejat prezident olub. 2013-cü il avqustun 3-də isə bu postu Həsən Ruhani tutur.

Statistikadan da göründüyü kimi, yalnız fövqəladə hallarda İranda prezidentlər qısamüddətli olublar. Odur ki, H.Ruhaninin yenidən seçiləcəyi ehtimalı çoxdur. 2005-ci ildə keçirilən seçkidə islahatçı adlanan xəttin təmsilçisi kimi Rəfsəncani yenidən bu post uğrunda mübarizəyə qoşulsa da, sonda Mahmud Əhmədinejata məğlub oldu. M.Əhmədinejatın isə builki siyasi kampaniyada namizədliyi belə qeydə alınmadı.

Heç şübhəsiz, İranda prezident olmaq istəyənlər ilk növbədə ölkənin ali rəhbəri Xaməneinin xeyir-duasını alırlar.

Bu baxımdan hesab etmək olar ki, Həsən Ruhani xeyir-duanı 2013-cü ildə alıb. Bu, 2017-ci il üçün də keçərli sayıla bilər. Əslində, elə bu namizədlərin arasında ən parlağı və beynəlxalq güclər tərəfindən tanınıb, qəbul ediləni də hazırki prezidentdir. 

float: left; width: 100%;">

RƏYLƏR