“İrəli” İctimai Birliyinin yaranmasının 9 illiyi qeyd olunub

OXUNUB: 1266 QHT

"İrəli” İctimai Birliyinin yaranmasının 9 illiyi qeyd olunub.

 

APA-nın məlumatına görə, mərasimdə çıxış edən millət vəkili Fuad Muradov təşkilatın ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.

 

F. Muradov qeyd edib ki, ölkənin bütün regionlarında təşkilatın nümayəndəlikləri var: "İrəli” digər təşkilatlardan fərqli olaraq, ilk gündən siyasi-ictimai fəaliyyəti dövründə böyük layihələrlə iştirak edib. "İrəli”nin yetişdirdiyi gənclər bu gün bir çox sahələrdə uğurla təmsil olunur, təşkilatın həyata keçirdiyi layihələr böyük uğurla icra olunub. İstəyirik ki, bizim gənclər təşkilatları daha çox regionlara diqqət yönəltsinlər. Çünki bu günün gəncləri sabahın əsgərləridir. Bu mənada "İrəli” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Bizim istedadlı gənclərimiz yetişir. Azərbaycanda keçirilən islahatlar gənclərin inkişafına yönəlib. Sevinirəm ki, təşkilatın gəncləri öz maraqlı təşəbbüsləri ilə hər zaman diqqət mərkəzində olmağı bacarırlar”.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə hər il "İrəli” İctimai Birliyinin hesabatını dinlədiklərini, platforma ilə tanış olduqlarını diqqətə çatdırıb. Nazir müavini əlavə edib ki, dövlətin gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının rolu böyükdür: "Bu gün ölkəmizdə çoxlu sayda gənclər təşkilatları var. Onlardan bəziləri rəqabətə dözməyib birləşiblər. Amma "İrəli” 9 ildir fəaliyyət göstərir. Təşkilat bu müddətdə müxtəlif layihələr həyata keçirib və özünə layiq yer tutub. "İrəli” öz dəst-xətti ilə seçilən birlikdir. Təşkilatın sıraları hər il genişlənir. İnanıram ki, qarşıdakı illərdə də "İrəli” sağlam və maraqlı ideyaları ilə bizi sevindirəcək”.

 

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, millət vəkili Şahin İsmayılov Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışıb, fəaliyyət göstərən təşkilatların imza atdığı layihələri yüksək qiymətləndiriblər.

 

"İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə çıxışı zamanı gənclər siyasətini dəstəklədiyini və hər zaman gənclərin yanında olduğunu bildirib. O qeyd edib ki, "İrəli” İctimai Birliyinin həyata keçirdiyi tədbirlərin əsas məqsədi gənclərlə bağlı qəbul olunan proqram və layihələrə dəstək verməkdir: "Təşkilat fəaliyyəti dövründə və bundan sonrakı mərhələdə qarşıya qoyduğu məqsədlərə nail olmağa çalışıb. Əsas məqsəd isə dövlət gənclər siyasətini dəstəkləmək və uğurlu gənclik üçün addımlar atmaqdır. Təşkilat gənclərin inkişafına istiqamətlənən dövlət gənclər siyasətinə dəstək məqsədi ilə genişmiqyaslı layihələr həyata keçirib və hər zaman dövlət gənclər siyasətini dəstəkləyib. Təşkilatın növbəti il üçün planlaşdırdığı fəaliyyət "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb”.

 

Tədbirdə təşkilatın 2017-ci il üçün hesabat filmi nümayiş olunub, prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlanıb.

RƏYLƏR