İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışı zəruri edən əsas amillər - TƏHLİL

OXUNUB: 490 index-manşet TƏHLİL

Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında olan əraziləri azad edildikdən sonra məcburi köçkün vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaq istəyi onların təbii haqqıdır. İnsanların doğulub boya başa çatdığı ərazilərdə yaşamaq hüququ demək olar bütün beynəlxalq konvensiyalarda öz əksini tapdığı üçün dünya birliyi hər zaman insanların bu tip təbii hüquqlarının qarşısını alan hallarla mübarizəni prioritet məsələ kimi qabardır. Lakin buna baxmayaraq real həyatda münaqişələr səbəbindən insanların təbii məskunlaşma ərazilərini zorla tərk etmə hallarının qarşısının almaqda dünya birliyi hər zaman aciz durumda olub. Belə olmasaydı, dünya ictimayyəti 30 ildən artıq bir müddətdə Ermənilərin Azərbaycan ərazilərini işğalda saxlaması və bu əraziləri məcburi tərk etməli olmuş yüz minlərlə insanın öz yurd-yuvaların didərgin düşməsinə göz yummazdı.

Azərbyacan xalqı Ali baş komandan İlham Əliyevin "dəmir yumruğ”u ətrafında birləşərək öz torpaqlarını hərbi-siyasi yolla azad etməyə nail oldu və hazırki məqamda ölkəmizin qarşısında duran əsas hədəf, nə qədər mümkündür qısa müddətdə həmin ərazilərdə yaşayışın bərpa olunması, insanların öz dədə-baba torpaqlarına qaytarılmasının təmin edilməsidir.

Bunun da əsas səbəbi beynəlxalq konvensiyalarla bağlı deyil, ilk növbədə cəmiyyətdə mövcud mənəvi-psixoloji tələblə bağlıdır. 30 ildir vətən həsrətində olan insanlarımız tez müddətdə doğma yuvalarına qayıtmaq istəyirlər. Eyni zamanda torpaqların azad olunması üçün itkilər vermiş cəmiyyətdə də uğrunda şəhid verdiyi ərazilərdə firavan həyatın qayıtdığına şahid olma tələbi mövcuddur. Qısacası, bununla bağlı cəmiyyətdə ciddi sosial sifariş mövcud olduğu üçün dövlət qısa müddətdə insanların işğaldan azad olunan torpaqlara qayıdışını təmin etmək niyyətindədir.

Ancaq məsələ tək bununla bitmir: Qısa müddətdə işğaldan azad olunmuş torpaqlara böyük qayıdışı şərtləndirən digər siyasi amillər də mövcuddur.

Birincisi əhali qısa müddətdə həmin ərazilərə yerləşdirilməlidir ki, bu ərazilər "boz zona” olmaq statusundan çıxsın və burada həyat axarı normala qayıtsın. Ərazinin azərbaycanlılarla məskunlaşdırılması ilk növbədə ona görə lazımdır ki, bu torpaqlar de-yure olduğu kimi, de fakto da azərbaycanlaşdırılsın. Nə qədər qəribə səslənsə də, əslində hər-hansı ərazinin təhlükəsizliyini təmin edən əsas amil orada yerləşdirilmiş hərbi qüvvələrin sayı ilə deyil, dinc əhalinin ərazini mənimsəməsi səviyyəsidir. Məskunlaşma səviyyəsi hər nə qədər azdırsa həmin ərazinin mübahisələndirilmə riski bir o qədər çox olmaqla yanaşı, hərbi insident və müdaxilənin baş vermə ehtimalı da böyükdür.

Məskunlaşmanın qısa müddətdə həyata keçirilməsini zəruri edən digər siyasi amil isə ərazidə etnik tərkibin formalaşdırılmasının əhəmiyyəti ilə bağlıdır.

Yalnız quru statistikaya istinad etsək, bu gün, faktiki olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - bu təxminən 17 min kv. km ərazi deməkdir – yaşayan əhalinin etnik tərkibi 100 faiz ermənilərdən ibarətdir. Bu böyük bir ərazidə sayları cəmi 25 min olsa da, ermənilərdən başqa heç bir millət məskunlaşmayıb. İstənilən ərazidə yaşayan əhalinin etnik mənsubiyyəti bu, və ya digər ölkənin həmin əraziyə müdaxiləsi üçün hüquqi olmasa belə, mənəvi səbəb, yaxud siyasi bəhanə yaradır. Məsələn, Ukraynanın Donetsk və Luqansk əyalətlərindəki separatçıların dəstəklənməsini Rusiya həmin ərazidə yaşayanların rus millətindən olması ilə əsaslandırır. Hətta bunu əminliklə söyləmək olar ki, işğaldan azad olunmuş ərazilərin əhalisinin etnik tərkibinin 100 faiz erməni olması rus sülhməramlılarının (oxu qoşunlarının) əraziyə yerləşdirilməsi üçün mənəvi-hüquqi əsas yaratdı. Doğrudur, rus sülhməramlılarının 5 il müddətinə Azərbaycan ərazisində qalmaları 10 noyabr bəyanatıyla razılaşdırılıb və həmin tarixə onların bizim ərazimizdən çıxarılacağına heç bir şübhə yoxdur. Lakin qeyd olunan "mənəvi-hüquqi əsas” 5 il müddətinə tam ortadan qalxmalıdır ki, Rusiyanın hansısa siyasi bəhanə irəli sürməsi üçün əsası qalmasın. Demək ki, Azərbaycanın bu əraziləri tam məskunlaşdırılmasını təmin etməsi üçün 5 il vaxtı var – hətta artıq 4 il.

Məskunlaşmaya dair digər vacib amil isə Azərbaycanın uzunmüddətli demoqrafik strategiyası ilə bağlı ola bilər.

Burada söhbət birinci növbədə ondan gedir ki, gələcəkdə ölkənin erməni separat meyilləri ilə qarşılaşmaması, bu meyillərdən xarici ölkələrin istifadə etmə ehtimallarına yol verilməməsi üçün Azərbaycan ərazisində qalmış 25 min erməninin tədricən Azərbaycan cəmiyyətinə mədəni inteqrasiyası həyata keçirilməli, ardınca isə onlar assimilə olunmalıdır. Bu proses Azərbaycanın tarixi qərb torpaqlarına doğru davam etməli, Zəngəzur dəhlizinin işə düşməsiylə Ermənistan ərazisndə yaşayan ermənilər türklər tərəfindən assimilyasi baş tutmalıdır ki, tədricən bu ölkə mono etnik dövlət olmaqdan çıxsın. Ermənistan monoetnizmdən çıxacağı halda erməni cəmiyyətində qonşu ölkələrə olan xroniki nifrət hissi aradan qalxsın. Bu amil ümumilikdə regionun təhlükəsizliyinin təmin olunması üçün vacibdir.

Qeyd olunan səbəblərdən Ermənistan azərbaycanlıların doğma torpaqlarında məskunlaşma prosesinə süni əngəllər yaradır. Əsas əngəl isə ərazilərin minalardan təmizlənməsinin yubadılmasıdır. Prezident İlham Əliyevin son açıqlamasında Ermənistan tərəfinin təqdim etdiyi mina xəritələrinin 25 faiz həqiqətə uyğun olduğunu bildirməsi bir daha sübut edir ki, Yerevan ərazilərə azərbaycanlıların məskunlaşdırılmasını yubadmağa çalışır.

Məskunlaşmanı gecikdirən digər vacib amil isə, bölgənin bütövlükdə ermənilər tərəfindən dağıdılması, faktiki olaraq yararlı infrastkturun mövcud olmamasıdır.

Prezidentin ifadələri ilə desək Azərbaycan "Livan dövləti boyda” ərazini tamamilə yenidən qurmalıdır ki, tam məskunlaşma başa çatsın. Bununla belə, prezident İlham Əliyev artıq ilin sonuna kimi ilk yaşayış məntəqələrinin istifadəyə veriləcəyini deyir, eyni zamanda, Şuşanın məskunlaşdırılması prosesinə start veriləcəyini də gizlətmir.

 

 

Tofiq Vahid

7NEWS.az


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.7

 

 

RƏYLƏR