İŞİD başsız qalib?

OXUNUB: 726 DÜNYA

Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin öldürüldüyü barədə məlumatı yoxlayır. 

Əbu-Bəkr əl-Bağdadinin mayın 28-də, Rəqqanın cənubunda raket zərbələri zamanı öldürüldüyü iddia edilir.

Hava zərbələri nəticəsində İŞİD-in "Hərbi Şurasına” daxil olan şəxslər, o cümlədən 330-a yaxın terrorçu öldürülüb.

Öldürülənlər arasında Rəqqa "əmiri” Əbu əl-Həci əl-Misri, Rəqqadan Əc-Sühnayədək əraziyə nəzarət edən İbrahim Ən-Nəef əl-Həcc və İŞİD-in "təhlükəsizlik xidmətinin başçısı” Süleyman Əl-Şauah var.

Rusiya Müdafiə Nazirliyi "Hərbi Şura”nın iclası barədə məlumatı mayın sonunda əldə edib. Məlum olub ki, iclasın məqsədi döyüşçülərin Rəqqanı cənub dəhlizi vasitəsilə tərk etməsi üçün marşrutların planlaşdırılması olub.

PUA-lar iclasın yeri və vaxtı barədə məlumatı dəqiqləşdirəndən sonra əraziyə hava zərbələri endirilib. Müdafiə Nazirliyi ABŞ-a bu barədə əvvəlcədən xəbərdarlıq edib.

Əsl adı İbrahim Avad İbrahim əl-Bədri olan Əl-Bağdadi ilk dəfə 2014-cü ildə İŞİD tərəfindən işğal olunmuş İraqın Mosul şəhərindəki məscidlərin birində "İslam xilafəti”nin yaradılmasını elan edərkən geniş ictimaiyyət tərəfindən  tanınıb. Bundan sonra onun dəfələrlə ölüm xəbəri yayılsa da, bu məlumatlar öz təsdiqini tapmayıb.

ABŞ və İraq xüsusi xidmət orqanları onun Suriya sərhədinə yaxın olan Əl-Bəad yaşayış məntəqəsində gizləndiyini iddia edib. "Daily Mail” nəşri iyunun 11-də Əl-Bağdadinin Rəqqaya endirilən hava zərbələri nəticəsində öldürüldüyünü bildirib. Bununla belə, terrorçularla əlaqəli olan "Amaq” internet saytı bu məlumatı təsdiqləməyib./apa

 

İcmal.Az

RƏYLƏR