“İS(S)İ 2015: İqtisadiyyatın liberallıq potensialı” kitabının təqdimatı keçirilib

OXUNUB: 412 MƏDƏNİYYƏT HƏFTƏLİK İCMAL GÜNDƏM QHT

Bakı. 27 aprel. / AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) akademiyanın İqtisadiyyat İnstitutunun son tədqiqatlarının nəticəsi olaraq çap olunmuş “İS(S)İ – 2015: İqtisadiyyatın liberallıq potensialı” adlı kollektiv monoqrafiyanın təqdimatı keçirilib. 

MEK-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva kitab haqqında danışıb, monoqrafiyanın müəlliflərini təqdim edib. 

Sonra İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat İnstitutunun şöbə müdiri Mayis Gülalıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Məhiş Əhmədov çıxış edərək monoqrafiyanı iqtisad elmi üçün əhəmiyyətli tədqiqat əsəri kimi qiymətləndiriblər.

Kitabin aparıcı ideyası müasir iqtisadi nəzəriyyələrin əsas mübahisə mövzusu olan iqtisadiyyatın özünütənzimləmə mexanizmləri ilə dövlət tənzimləməsi arasında effektiv müvazinətin tapılması və dövlətin iqtisadiyyatı nə qədər tənzimləməli, ona nə dərəcədə müdaxilə etməli olduğu ilə bağlı suallara cavab tapmaqdır.

Kitaba “İqtisadiyyatın solluğu (sağlığı) indeksi: 62 ölkədə dövlətin iqtisadiyyatı tənzimləməsi səviyyəsinin qiymətləndirilməsi” üzrə İqtisadiyyat İnstitutu əməkdaşlarının 2016-cı ildə yerinə yetirdiyi tədqiqatın Hesabatı və həmin Hesabatda əksini tapmış məsələlərlə bağlı son araşdırmalar daxil edilib. Bu araşdırmalar iqtisadi nəzəriyyədə ilk dəfə olaraq müxtəlif ölkələrin iqtisadiyyatlarını təsnifləşdirməyə, bunların bir-birinə nəzərən nə dərəcədə liberal (yaxud əksinə, dirijist) olduğunu müəyyənləşdirməyə imkan verir. Alınmış nəticələr, hazırda dünya iqtisad nəzəriyyəsində hakim olan baxışlardan fərqlidir və müəlliflərin fikrincə, daha dəqiqdir.

Kitabın ideyası və təqdim etdiyi nəticələr həm fundamental tədqiqatlar üçün, həm də tətbiqi araşdırmalar üçün önəmlidir. İdeyanın praktik əhəmiyyəti isə ondadır ki, iqtisadiyyatın liberallıq potensialının düzgün müəyyənləşdirilməsi iqtisadi inkişafı sürətləndirməyin və ictimai rifahı yüksəltməyin təməl şərtidir.

Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi və dəyərləndirilməsi metodologiyası 2014-cü ildə İqtisadiyyat İnstitutunun direktoru prof. N.Müzəffərli (İmanov) tərəfindən hazırlanıb nəşr edilib və həm Azərbaycan elmi ictimaiyyətinin, həm də beynəlxalq ekspert icmasının böyük marağına səbəb olub. O zamandan etibarən İqtisadiyyat İnstitutu bu fundamental problemin həlli üzərində çalışır. Hazırda bu metodologiya əsasında İqtisadiyyat İnstitutunda 6 elmlər doktorluğu və 15 fəlsəfə doktorluğu dissertasiyası yazılır.

Azərbaycan iqtisad elmi üçün kitabın əhəmiyyəti həm də ondadır ki, o, ölkəmizdə ideya zəminində yeni iqtisadi məktəb formalaşdığını nümayiş etdirir. Bu məktəbin inkişafı elmimizin dünyaya tanıdılması baxımından əvəzedilməz rol oynaya bilər.

float: left; width: 100%;">

RƏYLƏR