İtkin alpinistlərin axtarışından nə təzə xəbər var...

OXUNUB: 140 SOSİAL
Dekabrın 23-də itkin düşən "Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları hələ də davam edir.

Məlum olduğu kimi, axtarışlara xarici mütəxəssislər də cəlb edilib. İtkin düşmüş 3 nəfər alpinistin axtarışlarına cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer qeyd edib ki, alpinistlərin üzərində xüsusi cihazlar olsaydı, onları tapmaq asan olardı: 

"Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi".

"Gilavar” hava və ekstrim idman klubu alpinistləri nə üçün xüsusi cihazlarla təmin etməyib?

 Modern.az saytı bu sualla klubun rəhbəri Ziya Qasımova müraciət edib:

"Xüsusi cihaz olmur, cihazın adı olur. Xüsusi icazə, xüsusi cihaz, nə bilim nə... Nə isə sonra danışarıq”.

Klub rəhbəri qeyd edib ki, alpinistlərlə bağlı hələ yeni bir xəbər yoxdur və axtarışlar davam edir. 

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir./big
İcmal.Az

RƏYLƏR