Jurnalistlərin evi ilə bağlı edilən müraciət təxribatdır… - Rəşad Məcid - FOTO - VİDEO

OXUNUB: 1092 Özəl SOSİAL
Sabah Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, yazıçı, jurnalist, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin 57 yaşı tamam olur.

O ad günü ərəfəsində Bakupost.az -a geniş müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- 60 yaşın, qarabağlılar demiş doqqazındasınız. İctimai statusunuzdan qaynaqlanan çəkişmələrin içərisində olduğunuzu nəzərə alsaq rahat həyat yaşadığınızı demək olmaz. Amma buna baxmayaraq mənə elə gəlir siz heç yaşlanmırsınız. 57 yaş ömrün hansı çağıdır?

- Uşaq vaxtı mənim üçün 40 yaş böyük görünürdü. İndi düşünürəm yəqin 57 lap qoca görünər. AYB-də yaşı 80-ni keçən yazıçılar həmişə mənə deyirdilər sən uşaqsan. Deyirdim, necə yəni uşağam 50-dən çox yaşım var. Amma bu çox doğru bir fikirdir ki, insan özünü ruhən hansı yaşda hiss edirsə o yaşdadır. Ovqatım yaxşı olsaydı özümü indi 27-yaşımda da hiss edə bilərdim. Amma hazırda özümü daha qoca hiss edirəm.

- Ovqatınız tez-tez dəyişir?

- Son illər demək olar ki, hər saat dəyişir. Məsələn indi özümü 77 yaşında hiss edirəm. Bir az da içimdə məyusluq var.

"O qadına beş dəfə vurulmuşam”

- 57 yaş sindromu yaşayırsınız, yoxsa məyusluğunuzun başqa bir səbəbi var?

- Yaş sindromu məndə 45 yaşımda olmuşdu. 45 yaşım olanda fikirləşirdim ki, artıq qocalmışam. Amma sonra gördüm yox hər şey qaydasındadır (gülür). Yaşlanmaq qorxum yoxdur.

- 57 illik həyatınızda bacardıqlarınız göz önündədir. Çox istəməyinizə rəğmən nələri bacarmamısınız?

- Mənim "Dəlicəsinə” adlı bir essem var. Gənclərlə də hər dəfə görüşdə bu fikri deyirəm. Bir insan nəyisə dəlicəsinə istəsə mütləq ona çatır. Həyatda nələrə çatmamışamsa, deməli dəlicəsinə istəməmişəm. Əlbəttə, ən uğurlu insanların belə həyatlarında tərəddüd etdiyi məqamlar var. Məndə də bəzən "səhv yaşadım” düşüncəsi, ovqatı olur. Bu düşüncələr də insanı pessimist, həvəssiz edir.

- "Bacarmadığım heç nə yoxdur” deyirsiniz yəni?

- Yox elə demirəm. "Bacarmadığım şey yoxdur” iddiasında deyiləm. Dəlicəsinə istəmək enerji, zəhmət və əzmkarlıqdır. Görünür bunların hansısa məndə olmayıb . O qədər mənlik olmayan işlər olub ki, bacarmamışam. Məsələn, Ağdamda beş il musiqi məktəbinə getdim. Tar sinifini bitirdim. Amma sonra bütün muğamları unutdum, "Cücələrim”dən başqa heç nə ifa edə bilmədim (gülür).

- Rəşad Məcidin özünə və ətrafa etiraf etməkdə çəkinmədiyi qüsuru, zəifliyi nədir?

- Ovqat adamı olmağımı zəifliyim hesab edirəm. Bir də məndə arxayınlıq var. Bu cəhətimi də hardasa qüsur hesab edirəm. Hərdən də bu arxayınlığımı özümə bəraət qazandırmaq üçün babalarıma, seyidliyimə yozuram.

- Türk şairlərindən birinin fikridir deyəsən. Deyir, həyatda uğur üçün deyil, xoşbəxtlik üçün çalışmaq lazımdır. Siz ən çox hansı üçün çalışmısınız?

- Xoşbəxtlik an məsələsidir, amma onun ömrünü uzatmaq üçün zəhmət lazımdır. Ola bilsin məndə nə vaxtsa sona qədər alınmayıb. Az zəhmət çəkmişəm. Bu da dediyim kimi arxayınlığımın nəticəsidir. Bəlkə də bəzi məsələlərdə ümumiyyətlə məna görməmişəm ona görə belə alınıb.

- İçinizdə az da olsa kimlərəsə qarşı ədalətsizlik etdiyiniz hissi varmı. Vicdanınız nə dərəcədə rahatdır?

- Kinli insan deyiləm. Tez əsib-coşan adamam, amma tez də keçir. Kiməsə qarşı ədalətsizlik etdiyim anlar olsa belə bunu həmin adama etiraf edib üzr istəməkdən heç vaxt çəkinməmişəm. İndi də çalışıram ədalətsiz olmayım. Özümü ümumilikdə ədalətli insan hesab edirəm. Əlbəttə, kiməsə qarşı ədalətsizlik etdiyim məqamlar olub. Amma buna görə həmişə daxilən çox narahatlıq keçirtmişəm.

- Platonik sevginiz olub?

- İlk platonik sevgim uşaq vaxtı olub. Orta məktəbdə oxuyanda bir qızı sevirdim. Neçə illər o qızı uzaqdan-uzağa sevdim, heç kəlimə də kəsməmişdim. Sonra Elif Şəfəqə heyran olmuşam. "Baba və bic” romanını oxuyandan sonra onun haqqında bir yazı yazmışdım. Orda da qeyd etmişdim ki, hər dəfə kitablarını oxuyanda o qadına beş dəfə vurulmuşam. Ümumilikdə isə mən realist romantik adamam (gülür).



- Bu gün Rəşad Məcid hər yerdə var. AYB-də sədr müavini, qəzet redaktoru, Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının İdarə Heyətinin üzvü. Yorulmursunuz?

- Fiziki yorğunluğum olur. Amma mənəvi yorulmuram. Hər gün nə isə yenilik axtarıram. Əlbəttə, çərçivələr olanda bəzən həvəssiz oluram. Müəyyən çərçivədə fəaliyyət göstərmək insanı çox yorur.

- Çərçivəni qırmaq üçün sizə nə lazımdı?

- Mənim çərçivəni qıran vaxtım keçib. Əvvəl deyirdim qəzet redaktoru gərək 30 -35 yaşa qədər olsun. Çünki o yaşdan sonra insanın ətrafı daha da genişlənir. Məmurlarla, müxtəlif sferalarda çalışan rəhbər şəxslərlə münasibətlər yaranır. Bu da istər-istəməz media adamına mane olur. Məsələn, elə informasiyalar olur qalırsan qırıla-qırıla. Münasibətin olan adamlara görə yayımlaya bilmirsən və rəqibə uduzursan. Amma indi baxıram ki, gənclər məndən betərdir. Onlar da həddindən artıq çərçivədədirlər.

- Amma müsahibələrinizin birində demişdiniz ki, ədəbiyyat, jurnalistika çərçivələri sındırmaqdır...

- Mən hələ də bu düşüncədəyəm ki, ədəbiyyat, jurnalistika çərçivələri sındırmaqdır. Bir az üsyankarlıqdır. Görünmək və sayılmaq üçün obyektiv olmalısan, tənqidləri deməkdən çəkinməməlisən. Yoxsa, heç kim səni görməyəcək.

- İndi tənqid səsləndirən adamlara deyingən deyirlər.

- İndi daha çox cığallıq edirlər ona görə. Mütəmadi cığallıq da qeyri-ciddilik yaradır.



"Vüqar Səfərlinin KİVDF-yə təyinatı bizim üçün sürpriz olmuşdu”

- Həyatınızda hər nə qədər çərçivələr olduğunu desəniz də, ictimai mühitdə kifayət qədər müstəqil insan kimi tanınırsınız. Məsələn, Vüqar Səfərlinin bugünkü aqibətini təsəvvür edə bilirdinizmi? O vaxt Vüqar Səfərliyə bu gedişatın yaxşı nəticələrinin olmayacağını deyə bilirdinizmi?

- Biz Mətbuat Şurasında uzun illər mətbuata dəstək konsepsiyası barəsində müzakirələr apardıq və hökumətə də təkliflər təqdim etdik. Belə bir dəstəyə ona görə ehtiyac duyulmuşdu ki, reklam bazarı çox məhdud idi, qəzet satışları azalırdı, qəzetlərin ümumiyyətlə fəaliyyət göstərəcəyi sual altında idi. Ona görə də belə bir dəstək labüd hesab olunurdu. Bununla bağlı müraciət olundu və kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olundu. 2009-cu ildə isə KVDF yaradıldı.

Fondun ilk maliyyə bölümündə "525-ci qəzet”ə qarşı ədalətsizlik oldu. Elə həmin vaxtda mən çox açıq şəkildə ədalət prinsipinin pozulduğunu bildirmişdim. Onu da deyim ki, Vüqar Səfərlinin o vəzifəyə təyinatı biz redaktorlar üçün "sürpriz”olmuşdu. KİVDF-də ədalət prinsipinin pozulduğunu bildirəndən sonra Vüqar Səfərli ilə aramızda soyuqluq yarandı və sonralar da bu soyuq münasibətini həmişə davam etdirdi.

- Fondun Müşahidə Şurasının üzvü olmusunuz. Həmin dövrdə KİVDF-də baş verən qanunsuzluqların nə qədərindən xəbərdar idiniz?

- Fondun Müşahidə Şurasının üzvü olsam da bu məsələlərin çoxunun dərinliyində olmamışam. Çünki bir çox məsələlərdə hər zaman kənarda saxlanılmışam. Əlbəttə, jurnalistlər üçün tikilən binaların tikintisi, ora ayrılan vəsaitlər və sair məsələlərini biz ümumi təsdiq edirdik. Amma orda hansı proseslərin getdiyindən Müşahidə Şurasının üzvləri xəbərsiz idi. Lakin mənim Fondla bağlı ən ağrılı vaxtlarımdan biri 2019-cu ilin mart ayında baş verdi. O zaman qəzetlərin dövriyyəsinin azaldılması mütləq idi. Fikirləşdim ki, əgər bu labüddürsə, "525-ci qəzet” də həftədə iki dəfə daha qalın səhifələrə keçə bilər. Artıq qəzetlərin dövrü gedir. Amma burda da ədalət prinsipi gözlənilmədi. "525-ci qəzet”, "Şərq” və "Ədalət” qəzeti günaşırı nəşr olunsa da fondun himayəsində olan "Mövqe”qəzeti gündəlik nəşrinə davam etdi. Mən onda həqiqətən çox gərginlik keçirtdim. Hətta Cənab Prezidentə müraciət etmək istəyirdim. Mənə görə, fondun rəhbərinin təsisçisi olduğu və heç kimin bir dəfə də olsun açıb vərəqləmədiyi qəzetin gündəlik nəşrinin qüvvədə saxlanılması "525-ci qəzet”, "Ədalət” kimi qəzetlərə qarşı ədalətsizlik idi. O vaxt mən istər şəxsi müzakirələr zamanı, istərsə ümumi iclaslarda da bunu Vüqar Səfərliyə açıq şəkildə bildirmişəm. Nəticəsini zaman, tarix göstərdi. Ədalət öz yerini tapdı.

- Əfv Məsələləri Komissiyasında korrupsiya hallarının baş verdiyi ilə bağlı söyləntilər dolaşır.

- Əfv Məsələləri Komissiyasında hər hansı bir korrupsiyadan söhbət gedə bilməz.

- Ramiz Mehdiyevdən sonra orda vəziyyət necədir?

- Əfv Məsələləri Komissiyasında yeni tərkibdə bir neçə iclas keçirilib. Onu deyə bilərəm ki, iclaslar çox sərbəst keçirilir. Bəzən hansısa müraciətlərin müzakirəsi zamanı fikir müxtəlifliyi olur və biz onun nəticələrini səsvermə ilə müəyyənləşdiririk. Bu baxımdan ən demokratik proseslərdən biridir, deyə bilərəm.

- Bu günə kimi Əfv Məsələləri Komissiyasında hansı təklifləriniz dəyərləndirilib?

- Əfv Məsələləri Komissiyasının fəlsəfəsi odur ki, həm millət vəkilləri, həm hüquq mühafizə orqanlarının rəhbərləri, həm ictimaiyyətin nümayəndələri o cümlədən də Azərbaycan yazıçılarının nümayəndələri orda təmsil olunur. Məndən əvvəl Zəlimxan Yaqub, Vaqif Səmədoğlu Əfv Məsələləri Komissiyasının üzvü olublar. Burda ən müxtəlif baxışlar, humanizm əsas götürüldüyü üçün komissiyanın üzvləri sırasına həmişə yazıçılar da daxil olunub. 2016-cı ildən bu komissiyanın üzvüyəm. Mənim üçün əlbəttə, çox yeni bir situasiya idi. Hər komissiya iclasından sonra dərin bir narahatlıq və kədər olurdu məndə. İnsanın çiyinlərinə istər-istəməz ağır bir yük düşürdü. Ancaq getdikcə uyğunlaşdım. Elə cinayətlər var ki, hesab edirəm onu bağışlamaq olar. Məsələn, qız qaçırtmaq məsələsi. Bu barədə bir dəfə çıxış etdim. Mənim çıxışımdan sonra əvvəlki komissiyada 30-dan artıq bu səbəbdən həbsdə olan məhkumu azad etdilər. Ancaq yeni komissiyada qız qaçırma məsələsinə Aynur Sofiyevanın çıxışlarından sonra kəskin münasibət bəsləyirlər.

- Yetkinlik yaşa çatmamış və zorla qaçırılan qızlara onların ailələrinə qarşı bunu ədalətsizlik hesab etmirsiniz?

- Xeyr. Mən Aynur Sofiyevaya da bunu izah etmişdim. Yenə deyirəm. Bəzən qızqaçırtma zamanı 18-20 yaşlı gənci, bu prosesdə iştirak edən bir neçə dostu ilə birlikdə həbs edir və onlara ağır cəza verirlər. Hətta 4-5 il həbsdə yatandan sonra əfv üçün müraciət edirlər. Bu zaman qız da artıq ailə qurmuş olur. İndi də o fikirdəyəm ki, gənclik dəliqanlılığı, sevgi, bir az da mentalitetdən gələn qüsurlar olsa belə əgər aradan müəyyən zaman keçibsə, ailə qurulubsa, valideynlər arasında barışıq olubsa və ən əsası qız oğlanı bağışlayıbsa, onda əfv etmək mümkündür.

Eyni zamanda, yeni komissiyada bir neçə də dəfə çıxış edərək, xüsusilə ehtiyyatsızlıqdan qəza törədənlərə qarşı mümkün dərəcədə güzəşt olunmasına çağırdım. Burada da onun tərəfdarıyam ki, əgər tərəflər arasında barışıq varsa, cəza qaldırıla bilər. Komissiya üzvlərinə təşəkkür edirəm mənim bu fikrimi dəyərləndirdilər. Xeyli bu səbəbdən həbs olunmuş şəxslərə qarşı humanist aksiyanı göstərə bildik.

- Tanınmış jurnalist Niyaz Niftiyev nəhayət ki, azadlığa buraxıldı. Bu vaxta qədər Niyazın həbsdə qalmasını nə dərəcədə ədalətli hesab edirsiniz?

- Mən Niyazi həmişə çox sadə, təvazökar və saf bir insan kimi tanımışam. Onu, həm jurnalist kimi fəaliyyətində, həm Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi davranışlarında, eləcə də başqa tədbirlərdə hər zaman yaxşı bir ziyalı hesab etmişəm. Özüm də indiyənə kimi təəccüblənirəm və çox təəssüf hissi keçirirəm ki, Niyaz Bələdiyyə sədri seçildi və bir neçə gün işləyəndən sonra bu hadisə baş verdi. Vaxtaşırı Niyazın məsələsi gündəmə gətirilsə də təəssüf ki, həm ictimaiyyətdə, həm də hüquq-mühafizə orqanlarında soyuq münasibət var idi. Hesab edirəm ki, Niyazın hansısa ciddi səhvləri, cinayəti olmayıb. Ona görə də onun bu vaxta qədər həbsdə saxlanılıması Niyaza qarşı ədalətsizlikdir. Bu gün Niyaz artıq aramızdadır və bu məni həddindən artıq çox sevindirir.



"Azərbaycanda bizim arzuladığımız kimi güclü media olmadı”

- AYB katibliyindən sədr müavini vəzifəsinə yüksəldiniz. Uzun illərdir çox insanlar sizi Anar müəllimin AYB-dəki varisi hesab edir. Özünüzü sədrlik kürsüsünə hazırlayırsınız?

- Yazıçılar Birliyi ilə bağlı bu sualı mənə tez-tez verirlər və hər dəfə də mən Anar müəllimə can sağlığı arzulamaqla münasibət bildirirəm. Anar müəllimi Azərbaycan ziyalılığının böyük bir nümayəndəsi hesab edirəm. Mənim dünyagörüşümün formlaşamasında Anar müəllimin böyük rolu olub. 17 ildir Anar müəllimlə çiyin-çiyinə işləyirəm. Allah ona uzun ömür versin. AYB-nin sədri olmaq kimi bir iddiam, arzum olmayıb. AYB-dən qazancım Anar müəllimlə bir yerdə olub, ondan öyrənmək olub. Kədərli məqamlardan biri də odur ki, ədəbiyyat artıq əvvəlki kimi ictimaiyyətə təsir edə bilmir. Ona görə AYB-nin də əvvəlki gücü yoxdur. Bu günə qədər AYB ayaqda qalıbsa, bunu Anar müəllimə borcluyuq.

- Bugünün Azərbaycan mediası haqqında hansı düşüncədəsiniz?

- Media ilə bağlı məyusluğum var. Çünki Azərbaycanda bizim arzuladığımız kimi güclü media olmadı. Mən vaxtı ilə arzulayırdım ki, Azərbaycanda yüz səhifəlik qəzet buraxaq, güclü mediamız, biznes strukturumuz olsun. Xatırlayıram, 1998-ci ildə "525-ci qəzet”in illik dövriyyəsi 700 min dollara qalxmışdı. Elə fikirləşirdim ki, bu gələcəkdə 1 milyona qədər yüksələcək. Biz əməkdaşlarımıza ev də tikib verəcəyik, yaxşı maaş da verəcəyik. Amma 1998-ci ildən sonra, həm reklam bazarında monopoliya baş verdi, həm də bazara çoxlu xırda qəzetlər çıxmağa başladı və media biznes strukturuna çevrilə bilmədi. Biz də dövlətin dəstəyinə ehtiyac duyduq. Əgər dövlətin dəstəyi olmasaydı media yaşaya bilməyəcəkdi. Bu heç kimə sirr deyil ki, bütün dünyada media reklamla ayaqda durur. Azərbaycanda isə ümumiyyətlə reklam yoxdu. Bunun özü də çox təəccüblüdür. İqtisadi cəhətdən inkişaf etmiş bir ölkədə reklam yoxdur. Reklam olmadan media necə yaşaya bilər? Əgər reklam bazarı yaranmasa medianın düşdüyü bu vəziyyətdən çıxış yolu çətindir. Dövlətin dəstəyi isə sadəcə süni nəfəs verməkdir. İndi media adına iddialı saytlar da çoxdur. Əvvəllər deyirdim əlifbanı öyrənən kimi gəlib qəzet açırlar. İndi ümumiyyətlə heç əlifbanı bilməmiş gəlib sayt açıb, media adını iddia edirlər. Əslində, indi yaranan Media Agentliyinin işi də çətindir. Biz hazırlanan qanunun müzakirəsində də bir neçə dəfə iştirak etmişik. Sual verirəm, bu xaotik vəziyyətdə biz kimi media adlandıracağıq? Əgər biz hər ictimai fikrə təsir edən "Youtube", "Tik-Tok" kanallarını media adlandırırqsa, onda mənim 4 yaşlı nəvəm İpəyin "İnstagram" səhifəsi də media sayılmalıdır?

- Belə çıxır ki, ciddi medianı təyin etmək xeyli müşkülə çevrilib.

- Bir dəfə Ramiz Rövşən ingilis şairinin misrasını söylədi. Misrada belə bir fikir var idi: "Dünyanın sonu, nə su basması ilə, nə alovla gələcək. Dünyanın sonu xaosla gələcək”. Bax, hazırda mediada xaotik bir vəziyyət yaranıb.

- Jurnalistlərin mənzil ilə təmin olunması istər cəmiyyət tərəfindən, istərsə bir qrup ziyalılar, siyasi xadimlər tərəfindən birmənalı qarşılanmır. Hər dəfə bu sualla qarşılaşırıq: "Niyə jurnalistə mənzil verilməlidir?”. Sizcə jurnalistə mənzil verilməlidirmi?

- Əslinə qalanda klassik düşüncəyə görə, dövlətin mediaya nə pul verməsi düz deyil, nə jurnalistə ev verməsi. Amma bu hansı səbəblərdən oldu, niyə oldu? Nə üçün biz dövlətə konsepsiya ilə müraciət etdik və bunun nəticəsində fond yaradıldı. Bunu ona görə etdik ki, yazılı mətbuat sıradan çıxırdı. Biz yazılı medianı yaşatmaq üçün son addım kimi bu addımı atdıq. Prezident elə birinci binanın açılışında da qeyd etmişdi ki, biz bilirik ki, jurnalistlərin əmək haqqı azdır, onlar bu əmək haqları ilə ev ala bilməzlər. Biz də bilirik bu olmaz. Amma real vəziyyəti də nəzərə almaq lazımdır.

- Qəzet dövrü artıq bitib dediniz. Amma dünyanın başqa ölkələrində qəzet satışları hələ bu dövrün tam bitmədiyini göstərir. Azərbaycanda qəzetin əvvəlki nüfuzunu qaytarmaq üçün az da olsa ümid yoxdurmu?

- Məncə yoxdur. Taleh Şahsuvarlı "Teleqraf” qəzetini buraxan vaxtlarda bir dəfə məni söhbətə çağırmışdı. Dedi, Rəşad müəllim gecə-gündüz çalışırıq qəzetin tirajı 2000-dən yuxarı qalxmır. Dedim, Taleh qəzetin tirajını 2000-dən yuxarı qaldırmaq imkanı olsaydı elə özüm qaldırardım da sənə niyə imkan verirdim? (gülür). O hoqqa qalmadı çıxartmayaq ki, qəzeti ayaqda saxlayaq. İndi də artıq sosial şəbəkələr, onlayn media gücü ələ aldı. Meydanda media adına iddialı həddindən artıq mənasız saytlar var. Kimin iki -üç status bəyənilirsə özünü jurnalist adlandırır. Kim mikrafonu alıb kameranın qarşısına keçib gic-gic danışırsa, o da özünü bloqer hesab edir. Ona görə də ən pisi bizim vəziyyətdir. İndi Media Agentliyi bu vəziyyəti tənzimləməyə çalışır. Amma belə baxıram bu vəziyyəti düzəltmək heç qanunla da mümkün olmayacaq.


"Bu addım jurnalistlərə qarşı ədalətsizlik idi”

- Media İnkişaf Agentliyi müsabiqə elan etdi və bəzi saytlar dəstək aldılar. Kifayət qədər narazılıqlar da oldu. Ədalətsizliyə uğradığını hesab edən sayt rəhbərləri odlu-alovlu çıxışlar etdilər. Amma mən də siyahıya baxanda orda elə saytların adını gördüm ki, onların fəaliyyətləri ümumiyyətlə, Media İnkişaf Agentliyinin tərtib etdiyi kriteriyalara uyğun gəlmirdi. Obyektivlik nə dərəcədə təmin olunmuşdu?

- Ola bilsin ki, müəyyən məsələlələrdə kriteriyalar uyğun gəlib. Amma indi ümumiyyətlə, dünyada, mediada saytların necə dəyərləndirilməsi üzərində müzakirələr aparılır. Müəyyən etməyə çalışırlar ki, hansı sayta aldadıcı başlığa görə girib çıxırlar, hansı saytda oxucu daha çox qalıb o material oxuyur. Gələcəkdə saytların reytinqi bununla ölçüləcək. Bəzi saytlar var eşidəndə ki, onların əməkdaşlarına nə qədər əmək haqqı verirlər, sayta nə qədər pul buraxırlar, necə dəbdəbəli ofislərdə fəaliyyət göstərirlər adamın tükləri biz-biz olur. "525-ci qəzet” 30 ilin qəzetidir, ofisi yoxdur. Amma üç-beş aydır açılan saytların dəbdəbəli ofisləri var. O jurnalistlərin keyfiyyəti də aşağıdır. Bir cümlə belə yaza bilmirlər. 1998-ci ildə mən Amerikaya gedəndə jurnalistika professorundan soruşdum ki, sizdə qəzet açmaq üçün nə lazımdır? Dedi, yekə cib. Mən məəttəl qalmışdım. Çünki 90-cı illərdə Azərbaycanda qəzet açmaq həm də bir ideya, zövq idi. Jurnalistika ilə o adamlar məşğul olurdu ki, onlar həqiqətən də yazmaya bilmirlər. İndi isə jurnalistika ancaq iş yerinə çevrilib. Ona görə də dəyərlər itib. Agentliyin işi əslində çox ağırdı. Baxıram yollar axtarırlar. Hansısa kirteriyalar qoyurlar. Amma bir də görürsən mənasız, amma IP-si çox olan sayt gəldi qazandı.

- Millət vəkili Etibar Əliyevin son günlərdəki performansı ilə bağlı nə deyə bilərsiniz?

- Etibar savadlı insandır. Amma hiss olunur ki, son günlər hadisələrə emosianal reaksiya verir. Ümumiyyətlə, sən ictimai fikrə o cür təlatümlü fikirlər yönəldirsənsə təbii ki, birmənalı qarşılanmayacaq. Sosial şəbəkədə də adamlara bir qıy lazımdır hücuma keçməyə. Bu dəfə də fikrini düzgün ifadə edə bilmədi deyə düşünürəm. Son günlərdə səsləndirdiyi fikirləri dəstəkləmək mümkün deyil. Əlbəttə, deputat birinci dərəcədə insanların, xalqın qarşısında məsuldur, xalqa xidmət üçün o yerdədir.

- Junalistlər binasının şəhid ailələri və qazilərə verilməsi ilə bağlı Prezidentə ünvanlanan müraciətdə sizin imzanız yox idi. Sizə təklif gəlməmişdi, yoxsa gəlmişdi imtina etmişdiniz?

- Mənə dedilər. Sadəcə imtina etdim. Bu müraciət yayımlanmamışdan əvvəl də bu söhbətlər gedirdi. Hətta Milli Mətbuat günü ərəfəsində hamımız danışmışdıq bu barədə. "Niyə jurnalistlərə ev verilir?” sualının açıqlamasını dəfələrlə izah da etmişik. Özüm də o binadan ev almışam, indi həmin evdə oğlum yaşayır. Mən elə ola-ola gedib o müraciətə imza ata bilməzdim. İki binadan baş redaktorlar, müavinlər ev alıb. İndi sıravi jurnalistlərə sıra çatıb. Üçüncü bina onlar üçün nəzərdə tutulmuşdu və mediada stajı az olan jurnalistlər ümidlərini o binaya bağlamışdılar. Bu məqamda da sən de ki, biz bu binanı veririk şəhid ailələrinə. Hesab edirəm bu addım jurnalistlərə qarşı ədalətsizlik idi. Bundan başqa, bu cəmiyyətdə qarşıdurma yaratmaq idi. Həssas yerdən vurmaq idi jurnalistləri. Mən ümid edirəm bu ideya heç reallaşmayacaq. Hər halda belə məsələlərdə həssas olmaq lazımdır. Jurnalistlər cəmiyyətin hər zaman üst, ziyalı, ictimai rəyi yönləndirən təbəqəsi olub.

- Əvvəlki iki binada ədalətsiz ev əldə edənlər olduğu ilə bağlı illərdir ittihamlar səngimir.

- Əlbəttə ədalətsizliklər olub. Elə adamlar var idi o binalarda haqqı olmadığı halda ev aldılar, ehtiyacı olanlar kənarda qaldı. Amma haqqı olmadan ev alanların sayı elə də çox deyildi inan. Uzaq başı elə adamların sayı 50 nəfər olardı. O binadakı 450 evdə indi yaşayan jurnalistlərin çoxu həqiqətən ehtiyacı olan jurnalist ailələridir.

- Bu gün ümidini üçüncü binaya bağlayan jurnalistləri, elə məni də maraqlandıran bir sual var. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü binanın kitabı bağlandı, yoxsa hələ ümid var?

- Mən düşünürəm ki, bu bina elə arzusunda olan jurnalistlərə veriləcək və verilməlidir. Bakı şəhərində şəhid ailələri o qədər çox deyil. Dövlətin bütün şəhid ailələrini evlə təmin etməyə gücü var. Bir tərəfdən də şəhid ailələrini bir binaya yığmaq düzgün deyil. Bunun mənəvi tərəfləri var. Hazırda evlərin paylanılması ilə bağlı kriteriyalar müəyyənləşdirməyin özü çətin bir məsələ kimi qarşıda dayanır. Amma düşünürəm ki, bir az ictimai fikrə diqqət yetirilsə Azərbaycanda hansı jurnalistlərin o evlərə ehtiyacının olmasını müəyyən etmək elə də çətin olmayacaq. Bunun üçün uzunmüddətli araşdırmalar aparmağa ehtiyyac yoxdur.



- Ağdama niyə getmədiniz?

- Getmək istəmədim. Ağdamı gedib o cür görməyə can atmadım. Mənim uşaqlığım Ağdamda keçib. Uşaqlığımın keçdiyi yerləri gedib o vəziyyətdə görmək çox ağırdı. Oranı gedib görsəydim xəyallarım itəcəkdi. Amma qocalığımı, ya Ağdamda, ya da Şuşada keçirəcəm.

- Özünüzü yenə məğlub hiss edirsiniz?

- Məğlub kompleksim şübhəsiz ki, keçib getdi. Ağdama getməsəm də Şuşaya "Xarı Bülbül Festivalı”na getdim. İlk şeirimi 15 yaşımda Şuşaya həsr etdiyim "Cıdır düzü” adlı şeir yazmışdım və 42 il sonra mayın 13-də səhər "Şuşa” adlı bir şeir yazdım. Uşaqlığımın keçdiyi küçələrdə gəzdim. Düzdü, Şuşada da azərbaycanlıların yaşadığı evlərin çoxu uçub-dağılmışdı. O yerləri belə görmək, qulaqbatırıcı səssizlikdə, insansız keçələrlə gəzmək çox kədərli idi. Amma hər halda məğlub hissim yox idi./Bakupost.az




RƏYLƏR