“Kapitulyasiyanın buynuzu olur?” – Elşən Musayevlə özəl müsahibə

OXUNUB: 339 Özəl GÜNDƏM SİYASƏT

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayevin "7news.az”a müsahibəsi.

Elşən müəllim, radikal müxalifət nümayəndələri son günlər ölkə üçün olduqca ziyanlı təbliğat aparırlar və Ermənistanın kapitulyasiya-filan olmadığını iddia edirlər. Eyni zamanda onların timsalında açıq ermənipərəst mövqeyi görünür. Sizcə səbəb nədir?


Ermənistan dövləti öz Baş Nazirinin imzası ilə 10 noyabr, 2020-ci il tarixində sənəd imzalayıb və bu, real kapitulyasiyadır. Niyə kapitulyasiya? Çünki həmin anlaşma imzalanarkən Ermənistan məğlub, darmadağın durumda olub. Xüsusən də Şuşa şəhərini Azərbaycanın qəhrəman oğulları işğaldan azad etdikdən sonra Ermənistan anladı ki, həmin müharibəni davam etdirməyin anlamı yoxdur. Və bu səbəbdən Paşinyan gəlib üçtərəfli sənədə imza atdı, məğlubiyyətini etiraf etdi, üzərinə öhdəliklər götürdü. Amma indi bizim radikal müxalifət söyləyir ki, bəs bu kapitulyasiyadırsa o zaman niyə döyüşlər davam edir? Əsas da Əli Kərimli və başının dəstəsi bu cür fikirlərlə ara qatmağa, manipulyasiya etməyə çalışırlar. Hərgah, bu ünsürlərin özünə sual ünvanlamaq lazımdır. Ki, sizdə məntiq varmı? Döyüşün, təxribatın kapitulyasiyaya nə dəxli? Bir ölkə kapitulyasiya imzaladısa, bu onun qarantıdırmı ki, daha təxribat-filan etməyəcək? Kapitulyasiya olanda düşmən mələk olur? Nə danışır bunlar? Nə danışır Əli Kərimli? İnsan bu qədər debil sualmı verər? Öz də hər statusunda yazır. Yazır və kapitulyasiyanın az qala tərifini istəyir. Bəli. Bir daha deyirik: Ermənistan kapitulyasiya olub. Çünki məğlub ikən anlaşma imzalayıb, üzərinə böyük öhdəliklər götürüb. Və Ermənistan bu razılaşmanı başqa yolu olmadığı üçün, darmadağın olduğu üçün imzalayıb. Kapitulyasiya bəs necə olur? Kapitulyasiyanın buynuzu olur?

Siyasi mürdəşir olan Əli Kərimli və onun tərəfdaşları bir məqamı anlamırlar ki, belə həssas vəziyyətdə siyasi ambisiyaya, iddiaya görə şərəfsizlik, namərdlik, nadanlıq eləmək olmaz. Ayıbdır. Bu adamlar eynən erməni kimi danışırlar. Sanki Azərbaycana aidiyyatları yoxdur. Olmaz belə. Erməni ermənidir. Onun təxribatından nə bu gün, nə də sabah sığortalanmaq mümkün deyil. Onun xisləti dəyişməyəcək. Güman ki, hər zaman belə qalacaq. Təxribata meylli olacaq. Və hər təxribatın sonucunda da dərsini, layiqli cavabını alacaq, uduzacaq, daha da rəzil günə qalacaq...Məncə Əli Kərimli Paşinyana məktub yazsın, gedib Ermənistan vətəndaşı olsun, Nikola müşavirlik etsin, ona ermənidən daha betər erməni olmağın yollarını öyrətsin. Çünki ikisi də eyni ağıldadı. İkisi də bu bərabərlikdən yəqin zövq alar.


Radikalların başqa bir iddiası da odur ki, yaxın günlərdə ictimai müzakirəyə çıxarılacaq "Siyasi Partiyalar haqda” qanun layihəsi mürtəce xarakter daşıyır və guya müxalifətin zəiflədilməsinə hesablanıb.


Siyasi Partiyalarla bağlı qanunda yetərincə yeni və faydalı müddəalar var. Onun ilkin variantını bəyənməyən də sadəcə 1-2 Partiyadır. Üstəlik, qeyd etdiyim kimi: bu ilkin versiyadır, yəqin müəyyən dəyişikliklər ediləcək və yekun variant daha təkmil olacaq. Amma hələ necə deyərlər bismillah eləməmiş düşüblər ortalığa ki, qanun layihəsi mürtəcedi-filandı. Nəyidi mürtəce? Kərimli ilə Hacılı həmin qanunun neçə maddəsini oxuyub görəsən? Dərdləri-sərləri ancaq seçkidə iştirakla bağlıdır. Daha dəqiqi, iştirak etməməklə bağlı. Seçkidə iştirak niyə belə qorxudur sizi? Seçkidə iştirak etməyəcəksənsə siyasi partiya nəyinə lazımdır? Nədir dərdin? Nədir alternativin? AXCP-nin bədbəxt sədri 2 seçkidə də iştirak etməsə 80 yaşı olacaq. Arif Hacılının isə 90. Bunlar seçki dietasımı saxlayırlar? Bunlar mumiyalanıb, cansızlaşıb ortalıqda ruh kimi hərlənməyimi hədəfləyiblər? Siyasi Partiya – baxıb köks ötürmək üçündürmü? Möhürü evdəki şifonerin üzərinə qoyub həzz almaq üçündürmü? Nə adamın var, nə ofisin var, nə gücün var, nə seçkidə iştirakın var. Sən nə deyib siyasətçi olursan bəs?

Bilirsiz, əsas məsələ nədir? – Siyasi Partiyalar haqda Qanun layihəsi hətta Quran ayəsi də olsaydı bunlar yenə nəsə tapıb etiraz edəcəkdilər. Çünki etiraz etmək artıq qanlarına, damarlarına işləyib. Və məlum layihəni çox gümün ki, heç oxumayıblar. Elə bir maddədən yapışıb mızıldanırlar. İnanın ki, həmin maddə olmasa başqasından yapışacaqdılar, o da olmasa bir başqasından. Yəni, dəqiq olan budur ki, bunlar bütün hallarda nəsə səbəb tapıb axıra qədər mızıldanacaqdılar. Ona görə də nə danışırlar qoy danışsınlar. Özləri bilər. Əsas olan budur ki, əksər Partiyalar qanun layihəsinin müzakirəsinə hazırdır, dinləmələrə, ictimai müzakirəyə qatılacaqlar və heç şübhə etmirik ki, yekunda təkmil bir sənəd ortalığa çıxacaq və həmin qanun siyasi sistemə öz faydasını, töhfəsini verəcək.

RƏYLƏR