Kənd mühasirəyə alındı - Məhkəmədən qaçan Eşqin tutuldu

OXUNUB: 1035 HADİSƏ

Dünən Şəmkir rayon Məhkəməsindən qaçan Eşqin Murtuzov tutulub.

İcmal.Az Lent.az-a istiandən xəbər verir ki, bu ilin yanvarında Şəmkir rayonu ərazisində Gəncə sakini olan taksi sürücüsünü quldurluq zəminində öldürüb, avtomobilini ələ keçirən 21 yaşlı E.Murtuzov bu gün günorta saatlarında doğulduğu Seyfəli kəndində yaxalanıb. Polislər əməliyyat məlumatı əsasında kəndi mühasirəyə alıb. Dağlıq ərazi istiqamətindən doğulub böyüdüyü evə yaxınlaşan E.Murtuzov yaxalanacağını görüb yarımçıq tikiliyə sığınıb. Polislər ondan təslim olmasını tələb edib.

Qaça bilməyəcəyini görən gənc təslim olub.

***

Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğu da məlumat yayıb. Məlumatda bildirilir ki,  Şəmkir rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Eşqin Murtuzov 12 may 2017-ci il tarixdə saat 17:30 radələrində istintaq hərəkətinin icra edildiyi yerdən mühafizə altından qaçaraq oranı özbaşına qanunsuz tərk edib.

Rayon polis şöbəsi və prokurorluq​ əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində E.Murtuzovun rayonun Seyfəli kəndi ərazisində gizləndiyi yer müəyyənləşdirilmiş və tutularaq istintaqa cəlb olunub.


 

İcmal.Az

RƏYLƏR