"Kim Çen İn Kərimlinin oğlu qədər də deyil ki.." - DEPUTAT

OXUNUB: 1982 GÜNDƏM Seçilmiş Önəmli SİYASƏT

Liviya hadisələrindən bir müddət sonra dəyərli dostumuzla İstanbula səfər etmişdik. Gecə təxminən 3 radələri olardı. Bir baxdıq, oteli səs-küy bürüyüb. Düşdük foyeyə. İki nəfər əlbəyaxa dalaşırdı. Dillərini bilməsək də, bir-birinə küfr elədikləri açıqca sezilirdi. Polis də düz yanlarında. Amma yaxınlaşmırdı. Axırda dostum dözməyib asayiş keşikçilərinə qayıtdı ki, müdaxilə lazımdı, ikisinin də ağzı-burnu qan içindədi, niyə sakit durmusuz?

Polisin cavabı bizi çox heyrətləndirdi: "Liviyalıdırlar. Yeznə-qayın. Hər gün qırırlar bir-birini. Özü də bir tək indi gördükləriniz yox, o tayfadan olanların hamısı. Bölməyə aparmaqdan yorulmuşuq. Təsiri yoxdur. Son günlər ancaq barışdırmaqla məşğuluq”.

Həmin an foyenin kandarında bayaqdan səssizcə çay içən ağsaqqalın çox ucadan dediyi kəlmə hələ də xatirimdədir:"Allah sənə rəhmət eləsin, ay Qəddafi. Sənmişsən bunların öhdəsindən gələn”.

İraq da həmçinin. Qərbin "demo-qlamur kişiləri” sərhədimizin bir addımlığında guya səliqə-səhman yaradırdılar. Amma qaş düzəldən yerdə vurub göz çıxardılar. Şiə girdi sünniyə, sünni girdi terroristə, terrorist girdi xalqa, xalq girdi əsgərə. Əlqərəz, indi İraqda terror riski Səddamın dövrü ilə müqayisədə nə az-nə çox, düz 87 faiz daha yüksəkdir. Həftədə minimum 2 güclü partlayış olur. Günahsız insanların ölüm sayı isə ildə təxminən 2-3 min aralığındadır.

Alın, bu da sizə Səddamsız İraq. Oysa, əsl öz yerində, qəlibində imiş, demə. Sadəcə, qədrini bilməyiblər.

Tarix məhz bu cür presidentlərə xitabən öz fabulasını dəyişib + yeni aksiom əxz edib: "Başqa dövlətlərin vassalı olan demokratların öz xalqına və millətinə verə biləcəkləri - müstəqil diktatorlardan qat-qat daha azdır. Birincilər bütün kriteriyalarda ikincilərə uduzurlar. Ələlxüsus, fayda baxımından ” 

Daha sonra nələr oldu - o bölümü təftiş etməyək. Çünki Əsəddən Putinə, Ərdoğandan Saakaşviliyə qədər böyük bir ssenari çizildi, yol keçildi. Prosesin xronologiyası da çoxlarına məlumdur. Yəni, bu haqda nə danışsaq oxucu üçün maraqlı olmaz. Amma mövzu kontekstində (maraq etibarilə) bir subyekt var ki, onu həqiqətən istisna saya bilərik: Bu Şimali Koreya lideri Kim Çen İndir.

Adamı "Bağdadda kor xəlifə” - deyiminin bariz nümunəsi saysaq, zənnimcə, yanılmarıq. Cəmi 34 yaşı var. O da hələ rəsmi. Ağzını Allah yolunda açanda ABŞ-ın körfəzdəki gəmiləri də səksənir. Nüvə silahının düyməsi ilə şəkil çəkdirir, dayısını itlərə yedirdir, yeznəsini odda kül edir, xəyanətkar generalları odlu silahla partladır və s. Fəqət, nəinki gözün üstdə qaşın var deyəni yoxdur, hətta artıq danışıq təklifi belə alıb. 

Fevralın 10-da doğmaca bacısını "göz dağı” kimi Qış Olimpiya Oyunlarının açılış, səbəbilə Cənubi Koreyaya göndərdi, prezidentlə görüşdürdü. Bəli, demokrat prezident dünyanın ən qapalı ölkəsinin ailə üzvünü bəh-bəhlə qəbul etdi + onun şərəfinə ziyafət də verdi. Özbaşınamı? Yox təbii. Amerikanın birbaşa diktəsi ilə. Çünki Amerika artıq anlayır ki, Şimali Koreyaya giriş üçün onu ən azından iqtisadi baxımdan Cənuba inteqrasiya etmək lazımdır. Düşmənin itirəcəyi nəsə olsun deyə. Və..indi də danışıqlara hazır olduğunu bildirir. Halbuki illər uzununca ən tirajli medialarında bizim Orduxana demədiklərimizi onlar Kimə demişdilər. Amma paralel olaraq Trampı da qınamıram. Adam müstəqil, ağlabatan söz danışan kimi "dərin dövlət”in impiçment hədəsi ilə qarşılaşır. Susmağa məcbur olur. Bircə neftin kursunu sabit saxlaya bilib, onun da səbəbi Ərəb dövlətləridir. Küsdürəcək, gedib qoşulacaqlar Rusiya kolonuna.

Gerçəkdən əcaib durumdur: Fövqəldövlətlərin çoxluğu kiçik dövlətlərə sərf (?!) edir. Çünki həmin fövqəllərin sayı 1 olanda qeyd-şərtsiz diktələr başlayır. Amma ikinci meydanda var ikən belə problem yaşanmır. Kim daha yaxşı təklif versə, ona doğru yönlənmə baş verir və beləcə siyasi alverin də rəqabət mühiti yaranır. Şimali Koreya isə hamıya məlumdur ki, dünya müharibəsindən bu yana SSRİ-nin təsirində olub. Elə ona görə də bədbəxt günə qalıb. İki addımlığında olan eyni millətin digər dövləti - Cənubi Koreya bütün dünyaya min cür məhsul ixrac edərkən bu biri taydakılar hələ internetin nə olduğundan xəbərsizdirlər. Mediaları yazır ki, 2014-də futbol üzrə dünya çempionu Şimali Koreya olub, əhalinin yüzdə-yüzü buna inanır, gül-çiçəklə futbolçuları qarşılayır, alqışlayır.  Yəni, "rəhbər qardaş” söhbətin lap şorabasını çıxarıb. Dədəsi rəhmətlik buna deyib havanı dəyiş, bu divarları sökür.

Kim Çen İn İsveçrədə təhsil alıb. Kuryoz da bu məqamdan vüsət alır. Bir azca loyal olmaq mümkün idi. Amma bacarmayıb. Avropa dəyərlərini zərrə qədər də mənimsəməyib. Hətta deyilənə görə tələbəçiliyində belə qaldığı evdən çölə çıxmırmış. Yəni, bizim radikal müxalifət liderinin oğlu qədər də olmayıb ki, arada qızları yığsın başına, kef məclisi qursun, həyata alternativ baxış nəfəsliyi açsın. Bəlkə də düz edib. Yəqin, millətin mentalitetinə bələddir.

Kim Çen İn xalqına əla baxır. Bəxtiyar Hacıyevin son müsahibəsini oxuyandan sonra bu qənaətim dəqiqləşdi. Müəllimlərə, elm xadimlərinə,  tanınmış musiqiçilərə, ədəbiyyat adamlarına şəhərin mərkəzində villa tipli evlər + avtomobillər verilir. Bəxşiş kimi. Tibbi xidmət, təhlükəsizlik, əməyə qiymət,  həyat şəraiti isə ideal səviyyədədir. Əslində Qəddafi də belə idi. Sadəcə Kimdən fərqli olaraq qlobal təqdimata gecikdi. İnformasiya müharibəsini uduzdu.  Yalnız ölümündən sonra aydın oldu ki, demə xalq hər şeyi ya havayı ya da su qiymətinə alırmış.

"Soyuq müharibə”nin bütün mərhələlərində  Şimali Koreya liderinin mövqeyi rentabelli olub. Onu emosional tip kimi qələmə verənlər əslində yanılırlar. Sadəcə görkdür bu, belə görünmək lazımdır. Ətrafa qorxu püskürülməlidir ki, sabah siyasi alver predmetinə çevrilməsin, özünü hifz edə bilsin.

Amma şəxsən mənim üçün maraqlı tərəf başqadır:  tutaq adam durub gəldi, danışıqlara. Amerika onunla nəyin söhbətini edəcək? Qapalı dövlətlə hansı müzakirəni aparmaq olar? İki tərəfli saziş mümkün deyil, iqtisadi əməkdaşlıq mümkün deyil, ixtiyari bir təşkilatda birləşmək mümkün deyil, diplomatik münasibətlər,  viza alış-verişi-filan mümkün deyil. Ya da misal üçün, ziyafətdə badə qaldırıldı, sağlıq mövzusu nə olacaq?  "Ata əlini oğulun çiyninə qoydu, dedi bala sən güclüsən yoxsa mən?” - ritorikası  baş verəsi deyil, hər halda. Nəsə ciddi mövzu olmalıdır. Amma nə?

Nüvə. Sadəcə, nüvə...

***

Lavrov dünən belə bir açıqlama yayıb: "Bizi sanksiya sunamisinə qərq edən Qərbin, konkret olaraq Amerikanın - müttəfiq olduğu dövlətlərin ərazisində nüvə ehtiyatı yaratdığını dəqiq bilirdik. Amma nüvə hədəsi edən dövlətə əl uzadacağını ağlımızın ucundan belə keçirməmişdik”. Diplomatik açma isə budur: "Vaxtilə Kuba ərazisində nüvə ehtiyatı saxladığımızı az qala hadisəyə çevirmişdiniz, indi isə illərdir siyasi xəttimizi yürüdən, himayəmizdə olan dövlətlə nüvə sazişinə getmə cəhdinizin fərqindəyik. İmkan vermərik! Nə sizə, nə də saçını ortadan ayıran dostumuza”.

Yaxşı bəs Amerikanın nə marağı var ki, Koreyalılar inteqrasiya etsin? Axı bu həm də yeni bir gücün ortaya çıxması deməkdir + Çin və Türkiyədən sonra növbəti başağrıdır. Səbəb budur: Rusiya hazırda Türkiyə ilə böyük bir ittifaqdadır və bu onların ümumi mənafeyinə toxunmur. Əksinə, bəzi hallarda fayda verir.  Məsələn, qardaş ölkənin Afrinə girməsi, türklərin özü qədər Putinə də sərf edir. Niyə? Çünki, rusların uzun müddət kürdlərlə əməkdaşlığı olub (PPK-nın da SSRİ-nin tövsiyyəsi ilə yarandığı kimsəyə sirr deyil) Ayrıca, Suriyanı da Qərblə çoxdan bölüşdürüb. Yəni, ortalıqda köhnə münasibət və centlimen sazişi var. Aldığını alıb, güzəştə getdiyini gedib. Amma başqa paraleldə Amerikanın payından pay, gücündən güc dartan kəsləri xüsusi şövqlə seyr etməmək də mümkün deyil. Ona görə təlaşdadır, ABŞ. Təcili, yeni bir ittifaq yaradıb öz himayəsinə almalıdır. Gücünə güc qatmalıdır. Heç normal müstəvidə Putinin şapalağına davam gətirmək mümkün deyil. O ki qala, 2+1 fərqi ilə azlıqda döyüşəsənE.

Əvvəllər böyük konfliktlərin miqyası məhdud, fövqəldövlətlərin isə hesabı bərabər idi vəEbu balansı özləri qoruyurdu. Kimsə kiminsə sahəsinə girmirdi. Məsələn, Sovetin Əfqanıstandakı məğlubiyyətini Amerikanın Vyetnamdakı uğursuzluğu kompensasiya etdi - vəssalam. Hərə çəkildi öz qınına, prosesin davamı gəlmədi. Gəlsə də, lokal səviyyədə. Fəqət, indi kimin əli kimin cibindədir, görünməz və bilinməz  yöntəm alıb.

***

Bəzən üçüncü dünya müharibəsinin nə zaman başlayacağı ilə bağlı "ağıllı-ağıllı” mükalimələrə şahidlik edirəm. Ekspertlər,"siyasət ustad"ları  elə xülya şərhlər verirlər, elə qızıl xırdalayırlar, adam bu planetdə yaşadığına şübhə edir. Oysa, bir tanıdıq bölgə göstərin mənə. Ki, konfliktə sürüklənməsin. Qafqaz, postsovet, Türkiyə, Ərəb dövlətləri daxil. Bircə Avropa beşliyidir, neytral fon yaradan. O da saxta fondur. Əslində isə ən böyük tərəf elə onlardır.

Həm də prosesə çox dərindən qoşulan tərəf. Ermənistanın işğal presidenti ortalıqda dövr edərkən, Rusiyanın Krım söhbəti "qardaşlar”a vız gəlmirsə, ATƏT-in Minsk qrupu Sinqapur olaylarından tutmuş Taylanddakı kral dəyişikliyinə qədər hər şeyə münasibət bildirib, əsl missiyasına gələndə ağzına su alırsa, BMT Ermənistanın qeyd-şərtsiz formada torpaqlarımızdan rədd olması haqda özünün çıxardığı qətnamələrin icrasına biganə qalıb, digər yanda 2 saat 45 dəqiqəlik müzakirələrdən  sonra Qəddafinin devrilməsinə qərar verə + o qərarı təxirəsalınmaz şəkildə icraya yönəldə bilirsə, gerçəkdən - TƏRƏFDİRLƏR! 

Dünya müharibəsi çoxdan başlayıb, əzizlərim. Lap çoxdan.

Elşən Musayev, 
Milli Məclisin deputatı

 

RƏYLƏR