“Kişi kimi boynuma alıram ki...” - İcra başçısından Ağdama sərxoş getməsiylə bağlı iddialara cavab

OXUNUB: 479 HADİSƏ

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun videosu yayılıb. Videoda iddia edilir ki, icra başçısı doğma kəndi olan Ağdamın Əliağalı kəndini ziyarət edərkən guya içkili olub. 

Məsələylə bağlı Moderator.az-a açıqlama verən icra başçısı Vaqif Həsənov haqqında deyilənlərin şər-böhtan olduğunu bildirib:

"İlk öncə onu qeyd edim ki, mən içki içən adam deyiləm. Ümumiyyətlə, içki qəbul etmirəm. Bu səfər təxminən noyabrın 26-da baş tutub. İtaliyanın Xarici İşlər Nazirinin müavini, eləcə də bir neçə xarici şirkətlərin nümayəndələri və eyni zamanda, Qarabağ həqiqətlərini dünyaya yayan məşhur fotoqraf Rza Deqatigillə birlikdə Ağdam rayonuna getmişdim. Mənə rəsmi tapşırıq verilmişdi ki, Ağdamın müəyyən yerləri ilə bağlı onlara məlumat verim. Nümayəndə heyətini yola salandan sonra doğma kəndimiz olan Əliağalı kəndinə yollandıq. Kəndimiz Ağdamın düşmən mövqeləri ilə yaxın olan ərazidə yerləşir. Bizim kənddə hərbi hissə də var. Biz əsgərlərimizə baş çəkmək üçün ilk öncə hərbi hissədə olduq.

Ora gedəndə müharibə dövründə dostlarımız tərəfindən gətirilən istilik radiatorlarını aparıb hərbçilərimizə verdik. Eyni zamanda, hərbi hissənin komandiri ilə birlikdə ata evimizə yollandıq. Orda göstərdim ki, bura mənim atamın xalası oğlunun evidir, bura bizim heyvanların tövləsidir, beton divarı isə qardaşım tikmişdi. Özünüz də videoda baxmısınız ki, bir dənə başqa söz işlətməmişəm. Açığını deyim ki, orda mən çox həyəcanlı idim. Mən əslində Bakı şəhərində yaşamışam, məcburi köçkün deyiləm, amma ora mənim doğma yurdumdur.  

Təbii ki, 1993-cü ildən bu günə kimi vətən həsrəti hamımızda var. Mən orda çox təbii hisslər keçirmişəm, kişi kimi boynuma alıram ki, bütün bunlar mənim danışığıma da təsir etmişdi. Ermənilərin yurd yerlərimizi o günə qoyduqları üçün içimdə ağlamışam. 

Bu videonu İfadə Cəfərzadə adlı ağdamlı qadın yayıb. O, qadın Ağdama və bizə qarşı qeyri-obyektiv mövqe tutan bir insandır. Bu xanım müharibə dövründə döyüş bölgələrinə getməyə can atan bir adam idi. Mən də bir icra başçısı kimi onun Ağdam rayonuna gəlməsinə icazə verməmişəm. Adı çəkilən xanım əvvəl də haqqımda həqiqətə uyğun olmayan məlumatlar yaymışdı. Haqqımda bu cür şeylər yayan insanlara yazıqlar olsun deyirəm”. 

RƏYLƏR