Komitə sədri: Ailə münasibətlərinin korlanması cəmiyyətə birbaşa təsir edir

OXUNUB: 601 SOSİAL

Ailə münasibətlərinin bütün çalarlarını qanunla tənzimləmək mümkün deyil.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, hər bir ailənin öz qanun və qaydaları var:

"Ona görə də bu prosesdə cəmiyyət bütövlükdə fəal olmalıdır. Ümumiyyətlə, şəxsiyyətin formalaşmasında ailənin rolu həlledicidir. Azərbaycan ailə mədəniyyətinin zəngin nümunələri ilə dünyada tanınan ölkələrdəndir.

Yaşlılara, qadınlara, analara və uşaqlara qayğı bizim xalqın ən gözəl xüsusiyyətlərindəndir”.

Komitə sədri bildirib ki, Azərbaycanda istər dövlət-hökumət səviyyəsində, istərsə də parlament, qanunvericilik səviyyəsində  sağlam ailə institutunun qorunması, bu milli dəyərin gələcək nəsillərə ötürülməsi üçün addımlar atılır, eyni zamanda, maarifləndirici xarakterli təbliğat işləri davamlı olaraq aparılır:

"Cəmiyyətdə ailə institutunun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ona dövlət qayğısını göstərir.

Ümumiyyətlə, Azərbaycanda ailəyə, qadına, ağsaqqala, ağbirçəyə hörmət mühüm və milli dəyərlərimizə xas mental davranışlardandır. 

Bu, cəmiyyətin inkişafı ilə yanaşı, ailə institutunun sağlamlığının təmin olunması və qorunmasına mühüm töhfələr verir. Ailə inkişaf etdikdə ailə münasibətləri çoxplanlı olur. 
Ailə münasibətlərinə təsir edən bir çox amillər var.

Bu münasibətlərin korlanması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün, vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır”.

İcmal.Az

RƏYLƏR