“Koronavirusun böyütdüyü uşaqlar” – Elşən Musayev yazır…

OXUNUB: 584 KÖŞƏ
Koronavirusla mübarizə əslində çox mətləblərə aydınlıq gətirdi. Ələlxüsus da daxili ruhumuzla bağlı. Kimliyimizlə bağlı. Bütün spektrlarda mövcud vəziyyəti dərklə bağlı. Qibtə ediləcək həmrəyliyimizlə bağlı.

İlk əvvəl məktəblərin bağlanması azyaşlı uşaqlarda elə məhz uşaq sadəlöhvlüyündən doğan sevinc hissi yaratmışdı. Balacalar dərslərin bir həftəlik ləğvini ələ düşmüş fürsət, qısa tətil olaraq dəyərləndirirdilər. Amma zaman keçdi, proses uzandı, onlar belə darıxdı. Ətraf üçün. Sinif yoldaşları üçün. Müəllimləri üçün. Bütün valideynlərə də bənzər suallar ünvanlandı: "Nə vaxt bitəcək?”, "Dərsimiz nə zaman başlayacaq?.” Üstəlik, hər sinifə aid "whatsapp” qruplarında müəllimlər də sentimental, kövrək paylaşımlar etdilər. Qeyri-ixtiyari. Uşaqların bir-bir obrazlarını verərək. "Slayd” janrında. Hətta yanına həzin musiqi pərçimləyərək.
 
Uşaqlar da böyüdü bu prosesdə. Qəfil böyüdü. İndi onlar virusa yoluxma ilə sağalma arasındakı nisbəti az qala bizlərə mediadan daha tez xəbər verirlər. Onar koronavirus fonunda elə informasiyalaşıblar ki, Kim Çen İnin komada olmasından belə xəbərdardırlar. Onlar gündəmi izləyirlər. Onlar hadisələri güdürlər. Onlar hər gün miskin-miskin hava proqnozuna baxırlar. Sanki hava isinəcək və bayıra çıxacaqmışlar kimi. Ya da hərarət qalxacaq, virus tezliklə öləcəkmiş kimi.
 
Övladımı tanıdığım gündən o mənə ya oyuncaqları, ya əlbisəsi, ya da dərslikləri barədə suallar verib. Amma dünən soruşur ki, dövlətin gücü nədədir? Siz Parlamentdə koronavirusla bağlı hansı qərarlar qəbul etdiniz? Biz necə oldu ki, İtaliyaya, İspaniyaya, İrana çevrilmədik? Bunu Prezidentmi edir? Bizi qoruyan odurmu? Sən onun yanındasan, hə? Sən İlham Əliyevi müdafiə edirsən də, hə, ata?”
 
Sadəcə başımı yelləyib cavab verirəm. Şövqlə. Qürurla. Amma bu tərz, bu göstərgi həm də başqa səbəbdəndir: mən evdə heç zaman siyasi söhbətlər etməmişəm. Düzdür, bəzən qınamışam özümü bu vəziyyətə görə. Fəqət, nə gizlədim, düşünmüşəm, hələ tezdir ciddi mövzularla uşaq beynini yükləmək. Böyüyər, analiz, mühakimə qabiliyyəti formalaşar, özü dərk edər. Və...indi həmin özünüdərkin işartılarını görürəm. Ən az 5 il sonraya planlamışdım. Etiraf edirəm. Tezləşdi proses. Elə bu səbəbdən koronavirusa susqunmu qalım, ona minnətdarlıqmı edim, bilmirəm. Amma reallıq budur ki, gerçəkdən tezləşdi hər şey. Ən azından çox şey. Üstəlik, o tezliyin fonunda mən ilk dəfə yalnız ata kimi deyil, həm də siyasi kimlik olaraq övladımın gözlərinin içinə baxdım. Dik baxdım. Özümlə bərabər onun da qürurunu gördüm. İlham Əliyevin yanında olmağın vacibliyini azyaşlı uşağın saf və ağ vərəqə bürünmüş ruhunda, şirin təbəssümündə, hətta qısa dialoqumuzdan sonra boynumu qucaqlayan kövrək əllərinin istisində, biləklərinin qapanışında belə sezdim, hiss elədim. 

***
Bu dialoqdan sonra mənmi uşaqlaşdım, qızımmı böyüyüb mənə çatdı, bilmirəm. Amma 2 gündür hətta Prezidentin rəsmi saytına gələn məktublarda belə gözüm balacaları axtarır. Tapmışam ikisini. Dünən oxumuşam. Düz axıra qədər. Açın, sizlər də baxın. 11 yaşlı Azadla Nurcanın yazdıqlarını görsəniz  tam başqa hisslərə qapılacaqsınız. Əmin olun. Buradan isə sadəcə sitatlar verəcəm: "Əziz Prezident, mən sizi çox istəyirəm. Lap çox. Siz bizi xəstəlikdən qorudunuz. Mən də böyüyüb, həkim olub, hər kəsi  xəstəliklərdən qoruyacam”...”Mən sizi hər gün televizorda görürəm. Siz mənim nənəmi, babamı xəstələnməyə qoymadınız. Onlara kömək etdiniz. Ən böyük arzum sizin kimi vətəndaş olmaqdır. İnşallah arzuma çataram”

***
Biz müqəddəs tarix yaşayırıq əslində, əzizlərim. Bəlkə də fərqində deyilik, amma bu tarix damla-damla yazılır. Beyinlərə, ürəklərə, sətirlərə. Üstəlik, heç bir zaman silinməyəcək mürəkkəblə...
 
7News.Az


RƏYLƏR