Kreml Sarkisyanı qorumaq istəmədi - ŞƏRH

OXUNUB: 613 DÜNYA

Ermənistan cəmiyyətinin qatil Serj Sarkisyandan qurtulması bölgədəki durumu dəyişir.

Bunu İcmal.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

"Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir”, - politoloq bildirib. 

O əlavə edib ki, Kreml Sarkisyanı qorumaq istəmədi, ancaq bu, o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir:

"Rusiya Sarkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri "Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq”.

Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı da ciddi götür-qoy etməlidir:

"20 ildir Ermənistan Köçəryan-Sarkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar, necə ki, yandırmadılar.

İndi Ermənistana yeni gələnlərə Bakıdan mesaj yollamalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu, Ermənistanın da xeyrinədir”.

Qeyd edək ki, aprelin 13-dən Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan bu gün istefa verdiyini açıqlayıb. 

İcmal.Az

RƏYLƏR