Lapşinin səhhəti diqqət mərkəzindədir — Ədliyyə Nazirliyi

OXUNUB: 889 SOSİAL
"Hər bir məhkum kimi Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin də səhhəti diqqət mərkəzindədir. Əgər kiminsə səhhətində bir problem yaranarsa, əlbəttə ki, buna diqqət yetirilir”.


İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib.
 
İdarə rəisi bildirib ki, müraciətlərə diqqətlə yanaşılır: "Penitensiar müəssisələrdə saxlanılan hər bir məhkumun saxlanma şəraiti, onun sağlamlığı hər zaman diqqət mərkəzində saxlanılır. Eyni zamanda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən məhkumların sağlamlıq vəziyyətinə, onların sağlıq durumuna daim diqqət yetirilir. Həm Tibb Baş İdarəsinin həkim-mütəxəssisləri, həm də Tibb Baş İdarəsinin tərkibində olmayan digər klinikaların həkim-mütəxəssislərinin dəvət olunması təcrübəsi mövcuddur. Buna görə də mən bu məsələdə heç bir narahatlıq görmürəm”.
 
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. 
 
Artıq A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb, sabah cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
 
İcmal.Az

RƏYLƏR