“Layihə Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətinin nəticəsidir” - ŞƏRH

OXUNUB: 869 index-manşet SİYASƏT

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də söylədiyi kimi, XXI əsrin enerji tarixi yazıldı. Türkiyənin Əskişəhər şəhərində Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin açılış mərasimi keçirildi.

Prezident açılış mərasimində bildirdi ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü, Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir.

"Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”, - dövlər başçımız deyib.

Dövlət başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir: "Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Bu sözün əsl mənasında enerji şaxələndirilməsinə dəstək göstərir. TANAP 7 ölkəni və bir çox şirkətləri birləşdirir. Bütün tərəflərə təşəkkür edirəm ki, qısa müddətdə bu işi yüksək keyfiyyətlə görə bildilər. Əgər 2000-ci illərin əvvəllərində yalnız Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı mövcud idisə, hazırda əməkdaşlıq edən ölkələrin sayı 7-dir. Gələcəkdə daha 3 ölkə bu əməkdaşlığa qoşulacaq. Azərbaycan qazının Avropa qitəsinə çatdırılmasında böyük işlər görməyə çalışmalıyıq”.

TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.

TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsda qoyulub.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq.

TANAP-ın dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində "Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

 TANAP-ın istismara verilməsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov layihəni Prezident İlham Əliyevin siyasi iradəsi və mütəmadi səylərinin nəticəsi olduğunu bildirib.

Millət vəkili qeyd edib ki, TANAP-ın istismara verilməsi Azərbaycanın iqtisadi qüdrətinin növbəti göstəricisidir. Onun sözlərinə görə, layihə ölkəmizin həm iqtisadi, həm də siyasi nüfuzunun daha da artması deməkdir.

"TANAP-ın istismara verilməsi milli iqtisadiyyatımızın on illərlə müddətdə daha da zənginləşməsinə xidmət edəcək və əldə etdiyimiz nailiyyətlər zaman-zaman artacaq. Azərbaycan layihədə həm təchizatçı, həm də tranzit ölkə kimi iştirak edəcək. Layihədə artıq yeddi ölkə təmsil olunub. Layihənin icrası sayəsində yalnız sözügedən ölkələrlə deyil, digər ölkələrlə də əlaqələrimiz genişlənəcək”, - o bildirib.

Aydın Hüseynov vurğulayıb ki, layihənin icrası Azərbaycana külli miqdarda investisiyanın axınına səbəb olacaq:

"Bu investisiyalar sonra Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yüksəlməsi, məşğulluq pronleminin həlli, əhalininin gəlirlərinin artması, bütövlükdə iqtisadiyyatımızın güclənməsi deməkdir. Layihə həmçinin Azərbaycan iqtisadiyyatının növbəti mərhələyə qalxması deməkdir. Bu həm də Azərbaycanın milli sərvətlərinin xalqın və dövlətçiliyin maraqlarına xidmət etməsidir. Bütün bunlar İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir”.

Komitə üzvü vurğulayıb ki, kəmərlə gələcəkdə 31 milyard kubmetr qazın Avropaya çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, kəmər gələcəkdə həm Mərkəzi Asiya, həm də İran və İraqın təbii qazının ixracı üçün ən etibarlı marşrutdur. Millət vəkili qeyd edib ki, bundan başqa, TANAP-ın da daxil olduğu "Cənub Qaz Dəhlizi” Avropanın özü üçün də enerji marşrutlarının şaxələndirilməsi və təbii qazla etibarlı şəkildə təmin olunması deməkdir. Aydın Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan neftin çatdırılmasında da etibarlı bir tərəfdaş kimi tanınır.

"Hər bir ölkə etibarlı tərəfdaşla uzunmüddətli əməkdaşlıqda maraqlı olur. Azərbaycan həm etibarlı təchizatçı, həm də etibarlı tranzit ölkə kimi bütün ölkələr üçün cəlbedici ölkədir”, - millət vəkili söyləyib.

İcmal.Az

RƏYLƏR