Leyla Əliyeva “Xocalı 613” adlı klassik musiqi gecəsində – FOTO

OXUNUB: 902 MƏDƏNİYYƏT

Fevralın 26-da Heydər Əliyev Mərkəzində "Xocalı 613” adlı klassik musiqi gecəsi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

İcmal.Az xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi ilə tanış olub.

Sərgidə Ermənistan Silahlı Qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımını, bu faciənin miqyasını əks etdirən fotolar yer alıb.

Xocalı soyqırımına həsr olunan musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre Thilloy) "Xocalı 613” simfonik poeması təqdim edilib. Solistlər Şükür Səmədov (klarnet) və Səbinə Rakçeyeva (skripka) olub.

Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Azərbaycan kapriççiosu”, Qara Qarayevin "Matəm odası”, "Don Kixot” simfonik qravürlərindən "Səyahət” fraqmenti, Asəf Zeynallının "Muğamsayağı” (skripkada Ceyla Seyidovanın solistliyi ilə), amerikalı bəstəkar Samuel Barberin "Adajio” əsərləri səsləndirilib.

Xatırladaq ki, "Xocalı 613” əsərinin premyerası 2013-cü il fevralın 21-də Parisdə olub. Daha sonra əsər London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və digər şəhərlərdə təqdim edilib.

Heydər Əliyev Mərkəzində səsləndirilən klassik musiqini dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai xadimlər, Xocalı şahidləri dinləyiblər.

 


İcmal.Az

RƏYLƏR