“Lider” TV yayımın dayanmasında nazirliyi ittiham etdi

OXUNUB: 806 GÜNDƏM index-manşet SİYASƏT
"Lider” TV-nin "Xəbərlər” departamentinin rəhbəri Aynurə Vəliqızı martın 10-da telekanalın yayımının dayandırılması ilə bağlı açıqlama verib.

7NEWS.az xəbər verir ki, news24-ə danışan telekanal rəsmisi yaranan problemin birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı olduğunu deyib:

 

"Biz fəaliyyətimizi dayandırmamışdıq. Bunun baş verməsi üçün heç bir əsas yoxdur. Çünki kifayət qədər işçi heyətimiz, həmçinin də texniki bazamız mövcuddur. "Lider" Televiziyası artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Biz daim dövlət başçımızın yürütdüyü siyasətə dəstək olmuşuq, bütün maarifləndirmə xarakterli verilişləri tamaşaçılarımıza təqdim etmişik. "Lider" TV-də heç vaxt bayağı verilişlər yayımlanmayıb. Daha çox isə siyasi və analitik layihələr yer alıb. Təəssüf ki, jurnalistlər əldə etdiyi məlumatı dəqiqləşdirmədən yayıblar. Sözügedən nazirlik heç bir xəbərdarlıq olmadan ötürücü siqnalını kəsib. Dəfələrlə bizə qarşı bu addım atılıb".

Aynurə Vəliqızı həmçinin bildirib ki, əgər iddia olunan hər hansısa bir borc varsa, o, məhkəmə yolu ilə həll olunmalıdır:

"Məhkəmə qərarı olsa belə, nazirlik bizim yayınımızı dayandıra bilməz. Bunun üçün MTRŞ fəaliyyət göstərir. Problemin həll olunması üçün hər iki qurum danışıq aparmalıdır. Yalnız bundan sonra televiziya ilə bağlı hər hansısa qərar tətbiq oluna bilər. Ümumiyyətlə isə bütün televiziyaların tarixçələrinə nəzər salsaq, görə bilərik ki, hər birinin maliyyə ilə bağlı problemləri olub. Düşünürəm ki, MTRŞ hər kəs üşün çox doğru cavabı verib. Bildirilib ki, "Lider" Televiziyasına lisenziyanı məhz bu qurum verib və o, qüvvədədir".

Aynurə Vəliqızının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Günel Gözəlova ilə əlaqə saxlanılıb. G.Gözəlova məsələ ilə bağlı hər hansı bir açıqlamasının olmadığını qeyd edib.

RƏYLƏR