'Ölkəni qarışdırmaq üçün aldığınız sifarişlərə müvəqqəti ara verin' - DEPUTATDAN ÇAĞIRIŞ

OXUNUB: 1302 SİYASƏT
7NEWS.az xəbər verir ki, bu barədə millət vəkili Elşən Musayev Gültəkin Hacıbəylinin neftin qiyməti ilə bağlı statusuna münasibət bildirərkən deyib: "Gültəkin Hacıbəyli belə bir "facebook” statusu yazıb: "Bu da analoqu olmayan inkişafın sonu. Neftin barrelinin qiyməti 21.85-ə düşdü”
Təsəvvür edirsinizmi? Camaat nə hayda, bunun dərdinə bax. Oturub neftin qiymətini güdür. 
Insanlar təlaş içində - səsi çıxmır. Dialoqa, birliyə, həmrəyliyə çağırış olur – səsi çıxmır. Qarabağda qondarma rejim seçki keçirir – səsi çıxmır. Amma neftdən sual ver, sənə onun anatomiyasını danışsın. 
Yaxşı, bu söhbətin inkişafa nə dəxli? Neftin qiymətini Azərbaycanmı salıb? Virusu dünyaya bizmi urcah etmişik? Pandemiyanı bəşəriyyətə mövcud iqtidarmı bəxş edib? İnkişaf səngiyəndə xoşbəxtmi olacaqsan? İnsanlar yoxsullaşsa, vəziyyət gərginləşsə, sənin təbirincə bircə neftin qiyməti düşsün deyə pandemiya daha böyük miqyasda tüğyan etsə arzunamı çatacaqsan?
Yalnız anti-təbliğat. Yalnız iynəli sözlər. Yalnız nifrinli atmacalar. 
Rahatlaşın, artıq. Dövlətlə, xalqla müxalifətçilik olmur. Ayıbdır. Hikkənin, kinin, qisasın bu qədəri olmaz.
Gözləriniz operativ qərərgahda qalsın, neft birjalarında yox.
5-10 insanın beynini "yeyəcəyinizə”, 5-10 insanı maarifləndirin.
Millət adına xoş, pozitiv, aktiv təşəbbüsünüz yoxdursa barı passiv qalın, badalaq vurmayın, dezo yaymayın, mənəvi aşınma yaratmayın. 
Sevincin, Qənimətin çevrəsindən yarımca dəqiqəlik uzaqlaşıb bu məmləkətə bir də başqa pəncərədən baxın.
Bütün dünyada tələb - təklif meydanı zatən səngiyib. Lütfən, siz də ölkəni qarışdırmaq üçün aldığınız sifarişlərə müvəqqəti ara verin. Həmin "xidmətçilik” bürosunda öz hesabınıza, bir-iki aylıq məzuniyyət götürün. 
Bir dəfə də adınıza sahib çıxın, qanınıza sahib çıxın!
Məsuliyyətdən keçib, heç olmasa mənsubiyyətinizə sahib çıxın!"

RƏYLƏR