Ölkəyə 23 668 baş iribuynuzlu cins damazlıq heyvan gətirilib

OXUNUB: 1516 İQTİSADİYYAT

Ötən il Azərbaycanda diri çəkidə 523,8 min ton ət, 2009,9 min ton süd, 1609,8 milyon ədəd yumurta və 16,7 min ton yun istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,7 min ton və ya 1.8 faiz, süd istehsalı 47,4 min ton və ya 2,9 faiz, yun istehsalı 0,1 min ton və ya 1,0 faiz artıb. Quş əti istehsalı isə 95.5 min ton təşkil edib.

İcmal.Az xəbər verir ki, heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın artırılması istiqamətində seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılması və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən yüksək məhsuldarlığa malik damazlıq heyvanların idxalı davam etdirilib və heyvanların süni mayalandırılması işi genişləndirilib. 2009-cu ildən 2017-ci ilin 01 may tarixinədək olan dövrdə 23668 baş iribuynuzlu cins damazlıq heyvan alınaraq ölkəyə gətirilib, həmin heyvanlar 720 fiziki və hüquqi şəxsə lizinq yolu ilə güzəştli şərtlərlə satılıb.

2016-cı il ərzində bir sıra heyvandarlıq məhsullarının ixracı həyata keçirilib. Belə ki, 1163 baş əmtəəlik at və 128 baş damazlıq qaramal, 582,2 ton ət və ət məhsulları,1381,7 ton süd  və süd məhsulları, 6 ton bal, 31,8 ton yun ixrac edilib.

2016-cı ildə süni yolla 103 min qaramal mayalandırılıb, heyvanlardan alınmış buzovlara görə subsidiya ödənişinə başlanılıb və Qaydaya uyğun olaraq keçən ilin oktyabr-dekabr ayında 7449 heyvan sahibinə doğulmuş 8529 baş buzovun hər birinə görə 100 manat olmaqla cəmi 852900 manat məbləğində subsidiya ödənilib. 2017-ci ilin birinci rübü ərzində isə 10100 heyvan sahibinə 11964 baş buzova görə 1196400 manat subsidiya verilməsinə dair qərar qəbul edilib.

Hazırda Respublika Süni Mayalanma Mərkəzinin yeni kompleksinin inşası sona yetib, laboratoriya avadanlıqları və törədici heyvanlarla təchizatı başa çatıb. Respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniya Federativ Respublikasından 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin-anqus olmaqla cəmi 28 baş törədici buğa, İran İslam Respublikasından isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl Mərkəzdə istifadə olunmaq üçün gətirilmişdir. Müəssisə fəaliyyətə başladıqdan sonra toxum bankı formalaşdırılmaqla respublikanın genetik materiala olan tələbatı tam ödənəcək və bu sahə üzrə ixrac potensialı yaranacaq.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən "Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf etdirilməsi” layihəsi çərçivəsində 2016-cı ildə 163 nəfər, 2017-ci ilin birinci rübündə isə 19 nəfər süni mayalama mütəxəssisi müəssisədə təlim kursu keçib. Bu təlimlərin 2017-ci ilin iyun ayınadək davam etdirilməsi nəzərdə tutulub. Hazırda fəaliyyət göstərən süni mayalama mütəxəssislərinin sayı 324 nəfərdir.

 

 



RƏYLƏR