“Loqos” da “Xocalı Şikəstəsi” romanının təqdimatı keçirilib

OXUNUB: 113 SOSİAL

 

         Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin və "Loqos” PNİM-in təşkilatçılığı ilə  bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar "Xocalı Şikəstəsi” romanının təqdimatı keçirilib.

      Təqdimat mərasimində "Loqos”  Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, "Xocalı Şikəstəsi” romanının müəllifi Ulduz Qasım, Şair, "Xocalı Şikəstəsi” romanının redaktoru, Əməkdar mədəniyyət işçisi  Vaqif Bəhmənli, Azərbayan Slavyan Gənclər Asosasiyasının sədri Səbuhi Abbasov, "Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün  və fəal gənclər iştirak ediblər.

        Tədbir Xocalı soyqırımında amansızca qətlə yetirilmiş insanların bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

  Sonra tədbiri açıq elan edən PXTİB-nin icraçı direktoru Leyla Kərimova tədbirin proqramı haqqında geniş məlumat verib.

        Çıxış edən "Loqos”  Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olubdur. Tarixdə elə hadisələr vardır ki, heç zaman millətin, xalqın yaddaşından silinmir. Xocalı faciəsi də məhz belələrindəndir. Həmin tarixdən illər keçməsinə baxmayaraq xalq o qanlı fevral gününü unutmur və heç zaman unutmayacaq. Bu genosid günahsız və əliyalın xalqa, millətə qarşı ən böyük vəhşilik idi. Həmin gün Azərbaycan xain düşmənlə mübarizə aparırdı. Neçə-neçə Azərbaycan igidi məzlum xalqın xilas olması üçün düşmənlə çarpışdı. Həmin tarix yer üzərində ən dəhşətli faciələrdən biri idi. Bu gün xocalılılar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar. Onlar daim dövlətin diqqət və qayğısını hiss edirlər. Xocalı soyqırımından ötən müddət ərzində onların istər məskunlaşmaları, istərsə də sosial-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin edilməsi və s. istiqamətlərdə həyata keçirilən tədbirlər bunu təsdiqləyir. Xocalılıların ilk olaraq yeni salınmış qəsəbələrə köçürülməsi də bu dediklərimizə bariz nümunə sayıla bilər.Dağlıq Qarabağ və ona bitişik ərazilərimizin erməni işğalından xilas edilməsi istiqamətində aparılan mübarizədə xocalılılar da, digər torpaq itirmiş, yurdu yağmalanmış insanlar kimi, öz sözlərini qətiyyətlə deməyə hazırdırlar.

         Daha sonra çıxış edənlər Şair,"Xocalı Şikəstəsi” romanının redaktoru Vaqif Bəhmənli və Azərbayan Slavyan Gənclər Asosasiyasının sədri Səbuhi Abbasov kitab haqqında öz fikirlərini bölüşüb və bu mövzuda bu cür romanın ərsəyə gəlməsinin əhəmiyyətli olduğunu bildiriblər. Natiqlər gələcək nəsillərimiz üçün əsərin böyük töhvə verəcəyini diqqətə çatdırıblar.

     Çıxışlardan sonra Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin fəal gəncləri "Xocalı Şikəstəsi” romanının əsasında səhnələşdirilmiş səhnəciyi nümayiş etdiriblər. Səhnəcikdə gənclər tərəfindən Xocalı soyqırımının mahiyyəti nümayiş edilib. Səhnəciyin sonunda Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin balaca xanədəsinin ifasında "Qarabağ şikəstəsi" səsləndirilib.

      Tədbirin sonunda çıxış edən romanın müəllifi Ulduz Qasım öz təsürratlarını bölüşüb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, ölkə hüdudlarından kənarda yaşamasına baxmayaraq hər zaman qəlbi vətən eşqi ilə döyünür və yazdığı bütün əsərlərində bunu təsvir edir. Xocalı hadisələrinin hər bir azərbaycanlının yaralı yeri olduğunu söyləyən yazıçı romanın real hadisələr əsasında yazıldığını bildirib.

           Tədbir kitabın imzalanma mərasimi ilə yekunlaşıb.

 


 

 

 

 

İcmal.Az 

RƏYLƏR