"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir

OXUNUB: 557 SOSİAL

 

    Sirr deyil ki, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı ordu quruculuğu üçün vacib şərtlərdəndir. Qətiyyətlə demək olar ki, Azərbaycan ordusunun mənəvi-psixoloji hazırlığı qələbəyə təminat verəcək qədər yüksək səviyyədədir. Lakin bu prosesin davamlı olduğunu nəzərə alan Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq bu istiqamətdə iş aparılır. Silahlı Qüvvələr şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını elmi-metodiki əsaslarla daha da yüksəltmək məqsədilə müdafiə nazirinin təsdiq etdiyi plana əsasən birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin toplantısı keçirilir.

     Növbəti keçirilən seminarda "Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin psixoloqu Rafiq Allahverdiyev iştirak edib. Seminardan sonra psixoloq Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev ilə görüşüb və qarşılıqlı şəkildə həyata keçiriləcək layihələri müzakirə ediblər. Görüş zamanı bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən, əsgərin döyüş hazırlığı xüsusi əhəmiyyət kəsb edir. Döyüş hazırlığının yüksəldilməsinə önəm verən Müdafiə Nazirliyinin rəhbərliyi hər zaman şəxsi heyətlə keçirilən dərsləri  də diqqətdə saxlayır. Sıra hazırlığı, taktiki və atəş hazırlığı ilə yanaşı, ictimai-siyasi hazırlıq dərsləri də əsgərlərin döyüş ruhunu artırır.

   Psixoloq Rafiq Allahverdiyev qeyd edib ki, "Loqos” və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi olaraq daim bu mövzularda dövlətimizin və ordumuzun yanındayıq. Natiq qeyd edib ki, həyata keçirdiyimiz layihələrin qayəsində hər zaman vətənpərvərlik missiyası ən öndə dayanır.

    Məlumat üçün qeyd  edək ki, "Loqos" un   Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davamlı olacaq.

 

İcmal.Az

RƏYLƏR