"Lukoil"-də yanacaq oğurluğu fırıldağı — Sürücülər şikayətçidir

OXUNUB: 44 index-manşet İQTİSADİYYAT

Sosial şəbəkədə Bakıda, Rəcəbli küçəsində "Lukoil" yanacaqdoldurmasında avtomobillərə benzinin ödənilmiş məbləğdən az doldurulması ilə bağlı şikayət yerləşdirilib.


Sosial şəbəkənin istifadəçilərdən biri qeyd edib ki, həmin yanacaqdoldurma məntəqəsində o, operatora 20 manatlıq benzin doldurmasını xahiş edib. 


Benzin doldurmasının başlamasından bir müddət sonra operator ona yaxınlaşaraq yanacaqdoldurma tapançasının maşın bakından çıxdığını deyərək, maşın açarını döndürərək bakın dolu olmasını yoxlamasını xahiş edib. 


"Mən yanacaqdoldurma aparatın ekranına baxdım. Orada 13,80 manat yazılmışdı. Açarı döndürəndən sonra gördüm ki, bak dolu deyil və doldurmanı davam etməyi xahiş etdim. Bir müddət sonra yanacaqdoldurma tapança səs çıxartdı. Ekranda 20 AZN qeyd olunmuşdu. Mən yola düşməyə hazırlaşanda bakın dolması üçün az vaxt keçdiyini düşündüm. Dərhal motoru söndürdüm və rəhbərliyi çağırmağı tələb etdim, yanacaqdoldurma aparatın yanına yaxınlaşmağa isə heç kəsə imkan vermədim. Özünü rəhbərlik kimi təqdim edən adam gələndə mən qəbz tələb etdim. Orada isə 15,30 qeyd olunmuşdu. 5 manat kiminsə cibinə gedəcəkdi!".


Şikayətçinin sözlərinə görə, qalmaqaldan sonra ona 5 litr yanacaq əlavə doldurublar və buna görə pul götürmək istəməyiblər. Bu "Lukoil-Azerbaijan" şirkətinə məxsus olan yanacaqdoldurma məntəqəsindən yeganə şikayət deyil.


Sosial şəbəkənin digər istifadəçisi yazır. 


"6 ay öncə Şamaxinkadakı Lukoil yanacaq doldurma mərkəzində 6 azn fırıldaq gəldiklərinə görə Lökbatan istiqamətinə gedən yoldakı Lukoil - dan istifadə edirəm. Bu gün də orada 5 azn aldatmaq istədilər lakin alınmadı. Deməli fırıldaq belə baş verir. Yanacaq çənini doldurmağı xahiş edirsən və nəticədə 5 azn-lik benzin vururlar. Səbəbini isə sizi səhv başa düşdüklərini bildirərək yanacağın davamını vururlar, lakin əvvəlki 5 azn məbləği ekrandan silmədən bunu edirlər və nəticədə sizdən əldə etmədiyiniz yanacağa görə əlavə 5 azn pul tələb olunur. Hamını diqqətli olmağa dəvət edirəm. Bu gün isə işçi 5 azn vurmuşam deyən kimi mənlə belə oyun oynamamasını bildirdim və bunun baş verməyinə imkan vermədim".


"Lukoil-Azərbaycan"-dan məsələ ilə bağlı bildiriblər ki, şirkət Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayıb və ölkədə fəaliyyət göstərən xarici şirkətlər arasında liderlər sırasındadır. 


"Şirkətin əsas fəaliyyət istiqaməti yanacaqdoldurma məntəqələrində yanacağın pərakəndə satışının təşkili, həmin obyektlərdə müştərilərə servis xidmətinin göstərilməsidir. Həmin servis həmişə yüksək və beynəlxalq səviyyədə olub. Hər hansı neqativ hallar baş verərsə, onlar barədə bizim mərkəzi ofisə xəbər verməyinizi xahiş edirik"./Correct.az

İcmal.Az

RƏYLƏR