Masazırda üç nəfəri gülləyən komendant azadlığa çıxıb — FOTOLAR

OXUNUB: 547 Özəl HADİSƏ

Bu ilin aprelində Masazırda odlu silahdan atəş açaraq üç nəfəri yaralayan "Yeni Bakı” Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov azadlığa buraxılıb.


Demokrat.az xəbər verir ki, bu barədə məlumatı saytımıza şəhərcik sakinləri bildiriblər. Onlar sosial şəbəkədə komendantın kompleks əraziisində yeni fotosunu paylaşaraq təşviş içərisində olduqlarını dilə gətiriblər:


"Xüsusi amansızlıqla adam öldürməyə cəhd edən "komendant" niyə azadlıqdadır? "Yeni Bakı" şəhərciyinin sakinləri təşviş içərisindədirlər. Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" yaşayış kompleksinin sakinləri olaraq biz bu günlərdə yenidən təşviş içərisindəyik. Buna səbəb yaşayış kompleksinin idarəetməsini uzun illər qeyri-qanuni şəkildə həyata keçirmiş komendant Ehtiram Yusifovun 27 aprel, 2019-cu il tarixində törətdiyi cinayət işinə görə saxlanılmasından sonra yenidən azadlığa buraxılmasıdır".


Xatırladaq ki, sözügedən hadisədən sonra Abşeron Rayon Prokurorluğu məlumat yayaraq faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işinin başlanıldığını və iş üzrə müvafiq ekspertizalar təyin edildiyini bildirmişdi. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov isə iş üzrə şübhəli şəxs qismində tutulmuşdu.


"Lakin təəssüflər olsun ki, Ehtiram Yusifov kimi təhlükəli adamın cəmiyyətdən təcrid prosesi uzun çəkmədi. Bu günlərdə o, yenidən şəhərcikdə peyda olub. Onun hansı şərtlər altında həbsdən buraxıldığı bizə aydın deyil. Bizi narahat edən yeganə məqam belə bir təhlükəli adamın yenidən şəhərcikdə at oynatmağa başlamasıdır. Hüquq-mühafizə orqanlarını bu məsələyə həssas yanaşmalarını, növbəti cinayətlərin baş verməməsi üçün müvafiq addımlar atmalarını xahiş edirik" deyə şəhərcik sakinləri öz iradlarını bildirirlər. 

 

Qeyd edək ki, aprelin 27-si saat 16:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən "Günəş" alqı-satqı ofisinin qarşısında "Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Talıbov Məmməd, Qasımov Kamran və Zaur Gəncəliyevə "Vinçester" markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdi.



 



RƏYLƏR