Mədəni tarixi abidələrimizin təbliği

OXUNUB: 1484 QHT
Gənclər Fondunun maliyyə dəstəyilə "Mədəni tarixi abidələrimizin təbliği” adlı layihə Suraxanı Gənclər Evində 40 nəfər şagird və 10 müəllimin və digər nümayəndələrin iştirakıyla həyata keçirildi. Tədbir 10 və 11 keçirildi, bu sahə üzrə mütəxəssis QHT sədri Faiq İsmayılov tədbirə dəvət olunmuşdu. 
   Tədbiri Suraxanı Gənclər İdman İdarəsinin rəisi Amil Bağırov açdı, hamını salamlayıb, dövlətin gənclər siyasətindən və əsas məqsəd gənclərimizin vətənpərvər ruhda, dövlətə, millətə layiqli vətəndaş kimi böyüməsinə və milli sərvətlərə sahib çıxmasına çağırdı.  
Layihə rəhbəri Bəxtimşah Tağıyeva bu layihənin fərdi layihə kimi gənc üzvümüzün Şəms Tağıyevaya verilməsinin fondun və dövlətin gənclərə verdiyi önəmi olduğunu bildirdi. Sonra Azərbyacanın abidələri haqqında məlumat verdi.
        Azərbyacanın ən qədim abidələri daş abidələrdir ki, daşdan oyma, yonma, cızma üsulu ilə hazırlanıb, Ordubad(Gəmiqaya), Abşeron (Mərdəkan, Şüvəlan) və Qobustan qayaları üzərində rast gəlinir.
        Bakının Bayıl qəsəbəsi yaxınlığında yerləşən hazırda dənizin suları altında qalan XIII əsrdə tikilmiş "Bayıl qəsri”dir. Qala divarları şərqdə altı, qərbdə beş yarımdairəvi bürclə möhkəmləndirilmişdir. 1306-cı ildə dənizdə baş verən güclü zəlzələdən dənizdə batmışdır.
       Qız qalası- Bakının , həm də Abşeronun ən sirli memarlıq abidəsidir, hündürlüyü 28 metr, diametri 1-ci mərtəbədə16,5 m, divarların qalınlığı 5 m-dir. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür, hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.
       Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş, İçərişəhərdə yerləşən memarlıq abidəsidir. Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi(1435-1436), Şah məscidi(1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan ibarətdir. 2000-ci ildə Yunesko tərəfindən Qız qalasıyla birgə Ümumdünya mədəni İrs siyahısına daxil edilmişdir.
         Atəşgah - Od məbədi XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı yerdə tikilib, 1713-cü ildə tövlə, mərkəzi məbəd-səcdəgah 1810-cu ildə tikilmişdir. Atəşgah məbəd, hücrələrdən, otaqlardan ibarətdir.
           Ramana qalası Bakının Ramanı kəndində XVI əsrə aiddir, hündürlüyü 15 m və güman ki, müdafiə məqsədiylə tikilib.
Mərdəkan qalası- Bakının Mərdəkan qəsəbəsində Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Qaladan sığınacaq və gözətçi məntəqəsi kimi istifadə etmişlər.
Qobustan –Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşir, ən qədim abidəmizdir. Sahəsi 3-4 km-dir, Qobustanda Böyükdaş, Kiçikdaş, Çınqırdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünə aid qayaüstü təsvirlər, düşərgə, yaşayış məskəni, qəbir abidələri vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olur. Bu da sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır.
      Ağaoğlan qəsr kompleksi Qafqaz Albaniyası dövrünə məxsus və dağın ətəyində yerləşir, zirvəsində müşahidə qalası var. Ermənilər işğal ediblər.
 Xudafərin körpüləri- Cəbrayıl rayonu ərazisində yerləşir, güneylə quzeyi birləşdirirdi. Iki Xudafərin körpüsü var, Makedoniyalı İsgəndər, ya da Poma sərkərdəsi Pompey tərəfindən tikildiyi iddia olunur. Bu körpünün Hindistandan başlayaraq Yaxın, Orta Şərq ölkələri, Pusiya, Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.  
       Əlincə Qalası- Naxçıvan –Marağa memarlıq abidələrinin gözəl nümunəsi Naxçıvan-Culfa yolunun kənarında Əlincə çayın sağ sahilində yerləşir. Qala 2 min il əvvələ aid edilir, "Kitabi-Dədə Qorqud ”dastanında Əlincə qala möhkəm istehkam kimi təsvir olunur.
       Mömünə Xatun Türbəsi Əcəmi Naxçivaninin şah əsəridir. Atabəylər Memarlıq Kompleksinin tərkibində dövrümüzə qədər yaşayan yeganə abidədir.
         Şamaxı Qalası XI-XII yüzillərdə Şamaxını müdafiə etmək üçün tikilmişdir. Şamaxının Gülüstan qalası da XIIəsrdə yenidən qurulmuşdur.
         Koroğlu Qalası Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir, yerli daşlardan möhtəşəm tikilib. Koroğlunun sığınacağı olduğu güman edilir.
          Əsgəran Qalası Şuşanın yaxınlığında Qaradağçayın sağ və sol sahillərində yerləşir, 1783-1784-cü illərdə tikilmişdir.
         Cavanşir Qalası İsmayıllı rayonu ərazisində Talıstan kəndindəki Ağcaçayın sağ sahilində yerləşir, Qafqaz Albaniyası Dövründə hökmüdar Cavanşir tərəfindən tikilmişdir, inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Rayonun Xanəgah kəndində "Qız Qalası” abidəsinin həyətində nadir güllər və bəzək ağacları bitir.
          Gülüstan Qalası  Goranboy rayonu ərazisindədir, yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub.  
Çıraqqala Şabran rayonu ərazisində sıldırım qayanın zirvəsindədir, qaravulxana məqsədiylə Sasani hökmüdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir.
       Xocalı rayonunun Çanaxçı kəndindəki məbəd 1616-cı ildə tikildiyi güman edilir. Abidə yerli pud daşlardan tikilmiş, uzunluğu 11 m, eni 9 m, hündürlüyü 7 metrdir. Ermənilər işğal etdikdən sonra dəyişdirmiş abidəyə uyğun olmayan öz heykəllərini qoymuşlar. 
        Xocalı rayonunun Dağyurdu kəndi 1992-ci ilə qədər Saruşen adlanmışdır. Qafqaz Albaniyası dövrünə aid edilən abidə XII-XIIIəsrə aiddir. Ermənilər işğaldan sonra təmir edib abidəni özəlləşdirmişlər.
         Xocəvənd rayonu Ziyarət dağı Qafqaz Albaniyası dövrünə XVII əsrə aid ediılir. Hazırda ermənilər bu bizim abidəni öz kilsələri kimi təqdim edirlər. İşğaldan sonra abidənin görkəmini dəyişdiriblər.
Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.
Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.
1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

Diribaba türbəsi
Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.
Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.
Göründüyü kimi Azərbaycan xalqı qədim xalqdır, mədəni tarixi abidələrimiz də saysızdır, gənclərimiz öyrənməli və bu abidələri qoruyub gələcək nəsillərə çatdırmalıdır.
      Abidələr sahəsində mütəxəssis QHT sədri Faiq İsmayılov işğal altında olan alban abidələrindən, hazırda formasının ermənilər tərəfindən necə dəyişdirilməsindən və erməniləşdirilməsindən danışdı erməni vandalizmini pislədi. Faiq İsmayılov slaytlarla şagirdlərə abidələri göstərdi.
 Sonda tədbir iştirakçılarına çay-kofe və şirniyyat süfrəsi açıldı. 

RƏYLƏR