“Media haqqında” yeni qanun layihəsi mətbuatda hansı dəyişikliklərə gətirib çıxaracaq?-AÇIQLAMA

OXUNUB: 575 Özəl GÜNDƏM SOSİAL
Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən keçirilən plenar iclasında "Media haqqında” yeni qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil, 78 maddədən ibarətdir.

Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov yeni qanun layihəsinin əhəmiyyətini şərh edərkən Editor.az-a açıqlamasında bildirib ki,  "Media haqqında” yeni qanun layihəsi ilə bağlı ayrı-ayrı fikirlər, müxtəlif yanaşmalar mövcuddur:


” Qanunun müzakirəsi zamanı əks fikirlərin yer alması təbii haldır, hər kəs öz mövqeyini bildirə bilər. Lakin bütün hallarda hər kəs bu qanunun əhəmiyyətinə bələddir və burada narahatçılıq üçün heç bir əsas yoxdur. Azərbaycanda media subyektləri ilə cəmiyyət arasında münasibətlərin tənzimlənməsi, hərtərəfli inkişafının təmin edilməsi üçün "Media haqqında”  müasir çağırışlara uyğun yeni qanuna ehtiyac var idi. Qanunda yer alan yeniliklərdən biri jurnalistlərin media reyestrinin yaradılmasıdır.  Bu isə birbaşa peşəkarlığı yüksəltməyə, yeni perspektivlərin yaradılmasına xidmət edir. Həm də bu jurnalistlərin özü üçün də geniş imkanlar yaradır. Eyni zamanda, "Media haqqında” yeni qanun  Azərbaycan mətbuatında nizam-intizamın yaradılması, qayda-qanunun tənzimlənməsi, boşluqların aradan qaldırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki media elə bir sahədir ki, anlaşılmazlıqlar, problemlər hər zaman ola bilir. Bu zaman yaranan çətinliklərin, neqativ halların qanunla tənzimlənməsinə ehtiyac yaranır. Bütün bunları nəzərə alsaq, "Media haqqında” yeni qanunun qəbulunun vacibliyindən geniş söz açmaq olar”.

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə Editor.az-a "Media haqqında” yeni qanunun yaratdığı imkanlardan söz açıb:


"Jurnalistlər bundan sonra aşağı faizlə uzunmüddətli kreditlər götürə biləcək.
Yeni qanun KİV-lər üçün də bu imkanı yaradır. Yəni hər bir KİV özünün maddi-texniki bazasını gücləndirmək üçün kredit əldə edə biləcək. Nəticədə, redaksiyalarda iş şəraiti yaxşılaşacaq, peşəkarlıq artacaq. Ümid edirəm, bu həm də jurnalistlərin sosial durumunun yaxşılaşmasına səbəb olacaq”.

Baş redaktor əlavə edib ki, qanunda çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazənin tələb olunmaması məsuliyyətsizlik hissinin yaranmasına təkan verməməlidir:

” Media subyekti təsis etmək sərbəst olmalıdır, lakin bu məsuliyyətsizlik hissinin yaranmasına gətirib çıxartmamalıdır. Çünki media subyekti həm dövlətin, həm də cəmiyyətin qarşısında məsuliyyət daşıyır. Eyni zamanda, yeni qanunda yer alan bir çox yeniliklər mətbuatın müstəqilliyinə də xidmət edir. Bütün hallarda biz qanunlarla yaşamağı öyrənməliyik. Qanunun yanından "sürüşüb” keçməyin acısını yaşamışıq. Mövcud qanun 1999-cu ildə qəbul olub. təbii ki, əlavə və dəyişikliklərə ehtiyac var. Yeni qanun yeni dövrün tələblərinə cavab verməlidir. Sevindirici haldır ki, yeni qanun layihəsi uzun müddətdir ictimai müzakirəyə çıxarılıb, nöqsanlar göstərilib, xeyli səmərəli təkliflər səsləndirilib. Məncə, heç bir dəyərli təklif diqqətdən kənarda qalmamalıdır. Çatışmazlıqlar aradan qaldırılması, media ictimaiyyətinin zəruri saydığı əlavə və düzəlişlər edilməlidir. MEDİA yeni qanun layihəsini hazırlamaqla ortaya ciddi bir sənəd qoyub”./Editor.az

RƏYLƏR