"Məhkəmə, qanunvericilik və icra hakimiyyəti orqanlarında vahid əməkhaqqı sisteminə keçid nəzərdə tutulur" - MÜSAHİBƏ

OXUNUB: 298 index-manşet GÜNDƏM SOSİAL
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin e-huquq.az-a müsahibəsi...

- Əli müəllim, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanından sonra bu sahədə görülən işləri necə qiymətləndirirsiniz?

- Bütövlükdə ədliyyə və müasir məhkəmə-hüquq sisteminin modernləşməsinə ciddi təkan verən bu Fərman məhkəmə-hüquq sisteminin inkişafının və bu sahədə aparılan islahatlar kursunun yeni tarixi mərhələsinin başlanğıcı və hüquqi islahatların "yol xəritəsi” kimi xüsusi önəm daşıyır. Bu çərçivədə həyata keçirilən tədbirlər son nəticədə insan hüquqlarının, hüquqi yardımların əlçatanlığının rahat şəkildə təmin olunmasına yönəlib. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı gücləndirilib. Ötən il sentyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunmuş Sumqayıt Məhkəmə Kompleksinin açılışı ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir.

Son dövr ərzində məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində yüksək texnoloji – "hi-tech” məhkəmə binaları tikilib. "Elektron məhkəmə”nin və onun tərkib hissəsi olan "Elektron icra” sisteminin tətbiqi ədalət mühakiməsinin səmərəsinin artırılması baxımından özünü doğrultmuş layihələrdəndir. "Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərinə riayət edilməsinin mütəmadi monitorinqinin aparılması, tətbiq edilən rəqəmsal innovasiyaların inkişaf etdirilməsi və digər aktual məsələlər müəyyənləşdirilmiş konkret hədəflərə nail olmaq üçün görülən tədbirlər sırasındadır.

- Ötən həftə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi. Bu təyinatla hakimlərin iş yükünün azalmasına, ümumiyyətlə, məhkəmələrin fəaliyyətinə necə təsir göstərəcək?

- Bildiyiniz kimi, 3 aprel 2019-cu il tarixli məlum Fərmana əsasən məhkəmə hakimlərinin yeni seçim qaydaları əsasında sayının 200 nəfər artırılması nəzərdə tutulur. Bu baxımdan iyulun 1-də "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə birinci instansiya məhkəmələrinə yeni hakimlərin təyin olunması sözügedən Fərmanın tələblərindən irəli gələn bir addımdır. Belə ki, aparılan kadr islahatları, işə qəbul üçün müsabiqədə ən yüksək nəticə toplamış, savadlı, bacarıqlı, yüksək işgüzar və mənəvi keyfiyyətləri ilə seçilən mütəxəssislərin məhkəmə-hüquq sisteminə cəlb edilməsi bu sahənin inkişafına və milli prioritet olan şəffaflığın təmin olunmasına müsbət təsir göstərən amillərdəndir. Bu, ilk növbədə qanunun aliliyinin təmin edilməsi məqsədilə məhkəmə-hüquq islahatlarının aparılmasının xüsusi önəmini ortaya qoyur. Digər tərəfdən, hesab edirəm ki, hakimlərin say artımı və yüksək işgüzar keyfiyyətləri məhkəmə proseslərinin gedişində operativliyi təmin etməklə, məhkəmələrin fəaliyyətinə müsbət mənada çox əhəmiyyətli təsir göstərəcək, həmçinin hakimlərin iş yükünün azalmasına səbəb olacaq.

- "Məhkəmələr və hakimlər" haqqında qanuna dəyişiklik edilir. Burada hakimlərin maaşlarının artırılması ilə yanaşı, onlara verilən müavinətlərin ləğvi məsələsinin də yer alması müəyyən narazılıqlara səbəb olub. Necə hesab edirsiniz, narahatlığa əsas varmı? Qanuna dəyişiklik hansı zərurətdən yarandı?

Hakimlərin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi istiqamətdə aparılan islahatların davamlılığını təmin etmək məqsədilə ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında baxılmaq üçün Milli Məclisə təqdim etdiyi "Məhkəmələr və hakimlər" haqqında qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi hakimlərin əmək haqlarının artırılması ilə bağlı olmuşdur. Demək istəyirəm ki, bu ilin əvvəlində icra hakimiyyəti orqanlarında əməyin ödənişi sistemi təkmilləşdirilmiş, dövlət qulluqçularının vəzifə maaşı qaldırılmışdır. Siz dediyiniz yeni qanunların qəbulu ilə məhkəmə və qanunvericilik hakimiyyəti orqanlarında da icra hakimiyyəti orqanları ilə eyni-vahid əməkhaqqı sisteminə keçid nəzərdə tutulur. Bu qanunlarda da oxşar mexanizm tətbiq edilərək əmək haqqına əlavələr və müavinətlər ləğv edilmiş, əvəzində isə vəzifə maaşları artırılmışdır. Beləliklə, hazırda hər üç hakimiyyət qolunun nümayəndələrinin statuslarına uyğun olaraq təxminən oxşar orta illik əmək haqqı olacaqdır ki, bu da hesab edirəm ki, ədalətlidir.

- Məhkəmə sənədlərinə görə rüsumların artırılması da narazılığa səbəb olmuşdu. Belə ki, bu, vətəndaşların məhkəməyə əlçatanlığını çətinləşdirən hal kimi qiymətləndirildi...

- Məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsini tam məntiqli və zamanın ruhuna uyğun hesab edirəm. Çünki əsassız iddialar məhkəmənin iş yükünü artıran amillərdən biridir. Müşahidələr göstərir ki, əslində əhəmiyyətsiz məsələlərlə bağlı əsassız olaraq yüksək məbləğdə qiymətləndirilən iddiaların sayı heç də az deyil və bu, çox zaman sui-istifadə hallarına şərait yaradır. Digər tərəfdən, yeni qanuna əsasən, dövlət rüsumlarının artırılması yalnız yüksək məbləğlərə şamil olunur.

- Əli müəllim, Azərbaycan vəkilliyinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə, vətəndaşlarımızın hüquqi yardıma əlçatanlığı lazımi səviyyədədirmi?

- Bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti və sədrinin seçilməsi, o cümlədən qanunvericiliyə dəyişikliklərin edilməsi ilə Azərbaycan vəkilliyində keyfiyyətcə yeni islahatlar başladı. Misal olaraq, Vəkillər Kollegiyasının yeni əsasnaməsinin qəbul edilməsi, vəkillərin sayının 2 dəfə, vəkil bürolarının sayının həm Bakı şəhərində, həm də rayonlarda 3 dəfə artırılması, vəkillərin onlayn reyestrinin yaradılması və Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin təsis edilməsini qeyd etmək olar. Bütövlükdə isə bu islahatlar məhkəmə-hüquq sistemindəki islahatların tərkib hissəsidir. Təbii ki, bu cür geniş islahatlar nəticəsində vətəndaşların hüquqi yardıma əlçatanlığını lazımi səviyyəyə qaldırılmışdır. Çünki vətəndaş ən azından istənilən vəkil bürosuna müraciət edərək vəkil ilə təmin oluna bilər, eyni zamanda Vəkillər Kollegiyası tərəfindən "LegalAid” adlı elektron hüquqi yardım mobil tətbiq platforması yaradılmış və vətəndaşlarımızın istifadəsinə verilmişdir. Vətəndaşlarımız üçün artıq evdən telefon vasitəsilə vəkil ilə təmin olunma imkanı da yaradılmışdır.

- Bir müddət əvvəl Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olundu. Bu üzvlük Azərbaycan vəkilliyinə hansı üstünlükləri qazandırır?

- Bəli, ilk olaraq onu qeyd etmək istərdim ki, CCBE dünyada tanınmış ən böyük hüquq cəmiyyətlərindən biridir və özündə 1 milyondan çox vəkili birləşdirir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası CCBE-yə 4 il ərzində davam edən danışıqlar nəticəsində böyük səs çoxluqlu ilə üzv seçilmişdir və bu Azərbaycan Vəkillər Kollegiyasının dünya miqyasında rəsmən tanınmasına gətirib çıxarır. Mənim fikrimcə, bu üzvlük Azərbaycan vəkilliyi üçün çox vacibdir. Həm yerli qanunvericiliyin təkminləşdirilməsi, həm Azərbaycan vəkillərinin beynəlxalq təcrübədən faydalanması, Azərbaycan vəkillərinin avropalı vəkillər, vəkillər kollegiyaları, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanlarını genişləndirəcək.

- Dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin məbləğinin az olması barədə tez-tez fikirlər səsləndirilir. Dünya ölkələri ilə müqayisədə bu məbləğin qat-qat aşağı olduğu və göstərilən hüquqi yardımın daha keyfiyyətli olması baxımından artırılmasına ehtiyac olduğu deyilir. Siz bu barədə nə düşünürsünüz?

- Hazırda dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə cinayət işlərində bütün instansiyalarda, mülki işlər üzrə kasasiya və əlavə kasasiya instansiyalarında vəsait ödənilir. Bildiyiniz kimi, dünyanın ən qabaqcıl ölkələrində dövlət hesabına göstərilən hüquqi yardım həm cinayət, həm də mülki işlər üzrü bütün instansiyalarda ödənilir. Fikrimcə, biz də bu məsələdə dünya praktikasını nəzərimizdən keçirməliyik. O ki qaldı, dövlət hesabına ödənilən məbləğinin az olmasına, bu qəbildən olan məsələlər dövlət büdcəsi ilə bağlıdır, buna görə də ilk növbədə hökumətin və maliyyə orqanlarının rəyi vacibdir.

RƏYLƏR