Mehman Qələndərovun intihar etməsi ilə bağlı Bakı İstintaq Təcridxanasının şöbə rəisi işdən azad olunub

OXUNUB: 137 Özəl MARAQLI MƏDƏNİYYƏT SİYASƏT

Bakı. 1 may. / Ədliyyə Nazirliyi və Baş Prokurorluq Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı rəsmi məlumat yayıb.

“Report”a daxil olan məlumatda bildirilib ki, 1977-ci il təvəllüdlü Bakı şəhəri sakini Mehman Qələndərov 7 fevral 2017-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bununla əlaqədar M.Qələndərov Bakı istintaq təcridxanasına yerləşdirilib.

İstintaqın gedişatında onun əməlləri göstərilən Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilib.

M.Qələndərov 28 aprel 2017-ci il tarixdə təcridxananın 2 saylı korpusun saxlanıldığı ikinəfərlik 57 nömrəli kamerasında yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb, saat 13:30 radələrində kamera yoldaşının yuxuya getdiyindən istifadə edərək həmin ipi pəncərənin dəmir barmaqlığına bağlayaraq özünü asmaqla intihar edib.

Faktla bağlı Penitensiar xidmət tərəfindən xidməti araşdırma aparılıb və prokurorluğa məlumat verilib.

Sabunçu rayon prokurorluğunun əməkdaşları tərəfindən Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ekspertlərinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İlkin araşdırmalarla Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən M.Qələndərova qarşı təzyiq göstərilməsi, işgəncələr verilməsi və yaxud hər hansı qanuna zidd hərəkətlərə yol verilməsi müəyyən edilməyib.

Bununla belə xidməti araşdırma zamanı vəzifələrin layiqincə yerinə yetirilməməsi, nəzarət işinin zəif olduğu ucbatından intihar faktının qarşısının alınmamasına görə təcridxananın nəzarətçisi və Tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət elan olunub.

İstintaq zamanı M.Qələndərov törətdiyi cinayəti etiraf edib, habelə mərhumun hər hansı siyasi partiyanın üzvü olması barədə məlumatlar araşdırmalarla təsdiqini tapmayıb.

Hazırda cinayət işi istintaqın davam etdirilməsi məqsədi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin icraatına verilib, iş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılaraq, M.Qələndərovun özünü öldürmə həddinə çatdırma xüsusatları da araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

RƏYLƏR