Mehriban Əliyeva: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır - FOTO + YENİLƏNİB

OXUNUB: 599 SİYASƏT

"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub, işğal hələ də davam edir".

İcmal.Az-ın məlumatına görə, bunu noyabrın 14-də Parisdə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda çıxışında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.

M. Əliyeva bildirib ki, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır", - deyə birinci vitse-prezident vurğulayıb.

***

09:00

Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Azərbaycanı "Qafqazın mirvarisi” adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış edib.

Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.

Bakının "Expo-2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə keçirilən qəbulda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları səsləndirilib.

Azərbaycan "Expo-2025 Bakı” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də "Expo-2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.

Bakının "Expo-2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak ediblər.

Tədbir zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz barədə nəşrlər böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər, paytaxtımızın "Expo-2025”ə namizədliyinə həsr olunmuş kataloqlar və digər xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə "Milan Expo-2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin "Milan Expo-2015”-dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan "Antalya Expo-2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən "Expo-2017” Beynəlxalq Sərgisində isə ölkəmiz "Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

 

İcmal.Az

RƏYLƏR