Məmmədyarov Türkmənistan prezidenti ilə görüşüb – YENİLƏNİB

OXUNUB: 540 SİYASƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasına rəsmi səfəri çərçivəsində prezident Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

XİN-nin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, görüşdə Türkmənistan prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələr arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

Hər iki ölkənin xalqlar arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində əzmli olduğu vurğulanıb.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələrinin də daxil olmasının və aidiyyəti qurumlarla işgüzar görüşlərin keçirilməsinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığı bildirilib.

E. Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb. Ölkələr arasında mövcud olan ikitərəfli əlaqələrin Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfli formatda inkişaf etdirilməsinin regional əməkdaşlıq və çiçəklənməyə xidmət etdiyi vurğulanıb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

10:04

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Türkmənistana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.

Qeyd edək ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri R.Meredov 2-3 aprel 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olub. 18-19 iyul 2017-ci il tarixində isə R.Meredov Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib.

İcmal.Az

RƏYLƏR